Türkiyə ordusu "Pəncə-3" əməliyyatı çərçivəsində İraqın şimalında PKK düşərgələrinə zərbələr endirib. Məlumata görə, zərbələr nəticəsində 9 PKK-çı məhv edilib. Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri "Pəncə-3" əməliyyatının başladığını bildirmişdi.
Türkiyənin yeni əməliyyata başlaması ilə bağlı fikirlərini bölüşən politoloq Əhəd Məmmədli Sherg.az-a bildirdi ki, 1984 ildə qurulan PKK tarixində ən böyük zərbələri son illərdə AK Partiya iqtidarı dövründə alıb.
Analitik qeyd edib ki, bu təkcə hərbi zərbələr deyil, həm iqtisadi, həm də siyasi zərbələrdir:
“PKK-nın hər bir sahədə aldığı zərbələrinin misalları çoxdur. Məsələn, son bələdiyyə seçkilərində PKK-nın siyasi qolu HDP tarixində ən az səs aldı. Bunun əsas səbəbi cənubi-şərqi Anadoluya rəsmi Ankaranın böyük investisiyalar yatırması, yenidən qurma işləri aparması oldu. Ankaranın yürütdüyü "yeni osmanlıçılıq" ideoloji siyasəti ilə əski dövrlərdə olduğu kimi türk-kürd qardaşlığı yenidən bərpa edildi. PKK-nın özünə Şimali İraqda sarsıdıcı zərbələr endirilir. Qeyri rəsmi paytaxtı Kandil daim bombalar altındadır. Vəziyyət o yerə çatıb ki,artıq terror təşkilatının tam məhvindən danışılır”.
Politoloqun sözlərinə görə, "Pəncə-3" əməliyyatı PKK-ya növbəti sarsıdıcı zərbələr endirmək üçün həyata keçirilən antiterror əməliyyatıdır:
“İndiyə qədər qardaş ölkənin PKK-ya qarşı keçirilən bütün hərbi əməliyyatları uğurla nəticələnib. "Pəncə-3" əməliyyatınında uğurla nəticələnəcəyinə şübhəm yoxdur. Daha önəmli hərbi əməliyyat Fərat çayının şərqi, Mənbicdə gözlənilir. PKK hər yerdə, Türkiyədə, İraqda və Suriyada hədəfdədir. Bu terror təşkilatı tam məhv edilməyənə qədər qardaş Türkiyənin haqlı güc siyasəti bütün cəbhələrdə davam etdiriləcək”.