Moskvada Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığının perspektivlərinə dair dəyirmi masa keçirilib. APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, Strateji Təşəbbüslər İnstitutunda keçirilən tədbirdə Rusiya Federasiya Şurasının nümayəndələri, tanınmış siyasi, hərbi ekspertlər və politoloqlar iştirak ediblər.
Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov üçtərəfli əməkdaşlığın ölkələrin texnoloji-iqtisadi inkişafına yardım edəcəyini söyləyib: "Burada bir sıra aspektlər var. Birinci aspekt üçtərəfli əməkdaşlığın başlıca layihəsi olan "Şimal-Cənub" nəqliyyat dəhlizinə əsaslanır. Bu dəhlizin yüksək texnoloji inkişafa birbaşa aidiyyatı mövcuddur. Rusiya, Azərbaycan, İran tranzit ölkələrdir. "Şimal-Cənub" nəqliyyat dəhlizi iki böyük yüksək texnonologiyalı regionu - Hindistanın cənubunu Şimali Avropa ilə birləşdirir.
İkinci aspekt Xəzər regionunun inkişafıdır. Bu region əsasən neft-qaz potensialının inkişafına istiqamətlənib. Bununla yanaşı Xəzər regionunun bioresurs potensialı reallaşdırılmayıb. Xəzərin bioresursları çox pis mənimsənilir. Bu məsələ bütün dünya ölkələrində kəskin qaldırılır. Fikrimcə, Xəzər dənizi qapalı su hövzəsi olduğu kimi bioresursların mənimsənilməsi probleminin həllində də ideal keysdir. Rusiya, Azərbaycan və İran tərəfindən transmilli kooporasiyanın yaradılması perspektivli olardı".
Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk isə Rusiya-Azərbaycan-İran üçtərəfli formatının təkcə regionda deyil, geniş miqyasda əməkdaşlıq perspektivləri daşıdığını söyləyib: "Misal üçün, Azərbaycan Xəzər, Cənubi Qafqaz, Mərkəzi Asiya və hətta Yaxın Şərqin mərkəzi hesab olunur. Rusiya-Azərbaycan-İran üçlüyü təkcə Şimal-Cənub vertikalı üzrə deyil, həm də Qərb-Şərq horizontalı üzrə və təkcə bir iqtisadi və siyasi çərçivədə olmayan mövqe tutmağa imkan verir.
Qeyd etmək lazımdır ki, Rusiya bu üçlükdə Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüdür. İran artıq Avrasiya İttifaqının azad ticarət zonasına daxil olub. Azərbaycan isə bu təşkilatla üzv deyil. Lakin bu formallıq bizim fəaliyyətimizi dayandırmır. Azərbaycan Respublikası Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır. İkitərəfli inteqrasiyamız davam edir".
Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bu gün dünyada az sayda tam suveren ölkə qaldığını xatırladıb: "Bir çox ölkələr hərbi-siyasi ittifaqların üzvüdürlər, bir çoxlarının beynəlxalq siyasət məsələlərinin həyata keçməsində müstəqilliyi əllərindən alınıb. Bu vəziyyətdə Rusiya, Azərbaycan və İran suveren, öz siyasətlərini tam həcmdə həyata keçirən və milli maraqlarını müdafiə edən dövlətlərdirlər".
İ. Korotçenkonun sözlərinə görə, hərbi güc faktoru öz müstəqil siyasətini həyata keçirmək imkanına təsir edir: "Gördüyümüz kimi, bu üç ölkənin hərbi potensialı olduqca güclüdür. Bu gün Azərbaycanın müdafiə sənayesi effektiv inkişaf edir. Ölkə müdafiə sənayesi müasir silahlanmanın inkişafına öz töhvəsini verir. Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq da strateji xarakter daşıyır".
Rusiya Federasiya Şurasının üzvü Lyudmila Kozlova Rusiya-Azərbaycan-İran arasındakı iqtisadi inteqrasiyanın regionun siyasətinə müsbət təsir edəcəyini söyləyib: "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə Avropadan Asiyaya yüklərin daşınma vaxtı iki dəfə azalacaq. Əgər bu gün yüklər Mumbaidən Sankt-Peterburqa Suveyş kanalı vasitəsi ilə 40 günə daşınırsa, "Şimal-Cənub" dəhlizi ilə bu vaxt iki həftəyə qədər azalacaq. Məhz bu məqam həmin layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Üçtərəfli əməkdaşlıq geoiqtisadi nöqteyi-nəzərdən regionu birləşdirəcək, Rusiya, Azərbaycan və İranın ümumi maraqlarını formalaşdıracaq".