Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları ofisinin təşkilatçılığı ilə Varşavada insan alveri, eləcə də qaçqın və məcburi köçkünlərin hüquqları mövzusunda keçirilən konfransda iştirak edirlər.
"Sherg.az" qol.az-a istinadən xəbər verir ki, Ermənistan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin toplantıda çıxış etməsinə mane olmağa çalışıblar.
Tural Gəncəliyev toplantıda işğal altındakı Dağlıq Qarabağın 800 mindən artıq əhalisini təmsil etdiyini deyib. Dünya birliyini onların pozulmuş hüquqlarının bərpasına çağırıb.
Toplantıda çıxış edən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 ətraf rayonun 1 milyona yaxın əhalisinin hüquqlarının pozulduğunu, dünyanın isə buna göz yumduğunu qeyd edib. Fuad Hüseynov problemin həllinin işğala son qoyulması və bu insanların öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasından sonra mümkün olacağını bildirib. Amma Ermənistanın bunda maraqlı olmadığını diqqətə çatdırıb.