ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin sentyabrın 24-də Nyu-Yorkda baş tutan görüşü barədə bəyanat yayıblar.
Bəyanatda qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) ilə görüşüblər.
Bildirilib ki, onlar ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər.
Həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüş, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar, təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonrakı fəaliyyətləri barədə məlumat veriblər:
“Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirəyə davam ediblər”.
O da əlavə olunub ki, həmsədrlər yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətindədir.