Məmmədyarov beynəlxalq təşkilatlara çağırış etdi


Terrorizm ən ağır cinayətlərdən biridir. Buna görə də pislənilməli və bunu törədənlər mühakimə olunmalıdır. Terrorçuların müdafiə edilməsi və ideallaşdırılması hallarına yol verilməməlidir.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanın həssas coğrafi mövqeyi, bölgədəki həll olunmamış münaqişələrin davam etməsi, etnik təmizləmə və ölkənin ərazilərinin işğalı, terrorçuluq da daxil olmaqla transsərhəd təhlükələrin səviyyəsini yüksəldir.

“1980-ci illərin sonundan etibarən, əsassız, qanunsuz ərazi iddialarını həyata keçirmək üçün bir vasitə və müharibə üsulu olaraq, Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan xaricdən yönləndirilmiş terror hücumları həyata keçirilib”, - deyə E.Məmmədyarov əlavə edib.

Nazir qeyd edib ki, silahlı münaqişə bölgələri, xüsusən də xarici hərbi işğal altında olan ərazilər, terrorçulara, mütəşəkkil cinayətkar qruplara və şəbəkələrə təbii sərvətlərin istismarı üçün şərait yaradır.

Eyni zamanda, narkotik vasitələrin, mədəni sərvətlərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər əlaqəli cinayətlərdən yararlanmağa gətirib çıxarır.

Nazirin fikrincə, regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malikdirlər. Bununla belə, heç də hamısı, müvafiq öhdəliklərə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensiala sahib deyillər.  

“Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir.

Onlar həmçinin terror, əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə də hər hansı bir bəhanə ilə, dəstəklənməsi, maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilmədiyindən əmin olmalıdırlar”.