Diqqətlər liderlərin görüşünə yönəlib: İlham Əliyev Putinlə Qarabağ məsələsini müzakirə edəcək

Elman Nəsirov: "Rusiya həmsədr dövlətdir və prezidentlərin görüşündə əsas müzakirə predmeti münaqişənin həlli olacaq"



Prezidenti İlham Əliyev 30 sentyabr-3 oktyabr tarixlərində Soçidə keçiriləcək Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı çərçivəsində Rusiyaya səfər edəcək. Ölkə rəhbəri oktyabrın 3-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Azərbaycan dövlət başçısı ilə Rusiya rəhbəri Putinin görüşünü mühüm edən bir sıra amillər var.

O səbəbdən bütün diqqətlər iki liderin növbəti görüşünə yönəlib. Məlumdur ki, oktyabrın 1-də Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana səfəri gözlənilir. Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edir. Əvəzində Ermənistana səfərindən iki gün sonra Azərbaycan prezidenti ilə görüşür. Ekspertlər bunu Kremlin İrəvan hökumətinə cavabı kimi qiymətləndirirlər. 

Prezident İlham Əliyevin gözlənilən Rusiya səfərini Sherg.az-a dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, dövlət başçılarının Soçidə baş tutacaq görüşü zaman baxımından diqqəti cəlb edir. 

Deputat xatırladıb ki, oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində İrəvana səfəri gözlənilir: 

“Ermənistan-Rusiya münasibətlərinin gündən-günə gərginləşməsi reallığında Putinin səfəri zamanı Paşinyanla görüşəcəyi ciddi sual altındadır. Hətta belə bir görüş baş tutsa belə, təmasın çox soyuq keçəcəyi istisna edilmir. Bunun əksinə Rusiya və Ermənistan mətbuatı Putinin sabiq prezident Robert Koçaryanla görüşəcəyini tirajlayır. Məlumdur ki, bir müddət əvvəl Paşinyana yaxın media orqanları Putinin Koçaryanı ziyarəti əsnasında qapıların bağlana biləcəyini iddia etmişdilər. Bu fikrin Ermənistan mətbuatında, həm də baş nazirə yaxın mediada yayılması Putin və Paşinyan münasibətlərinin nə qədər kəskin olduğunu göstərir. Rusiya Ermənistana satacağı qazın qiymətinə yenidən baxmaq istəyir. Bu addım Moskvanın İrəvana təzyiq elementi kimi qiymətləndirilə bilər”. 

Parlament üzvünün sözlərinə görə, bu reallıqlar fonunda Putinin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istəməsi bir çox mətləblərə aydınlıq gətirir: 

“Hazırda Rusiya-Azərbaycan münasibətləri müxtəlif parametrlər üzrə inkişaf tempinə malikdir. Siyasi fəallıq yüksək səviyyədədir. Dövlət başçıları səviyyəsində etimad mühiti formalaşıb. Fundamental məsələlərdə ortaq mövqedə çıxış edirik. Şübhə yox ki, dövlət başçılarının müzakirələrində ikitərəfli əlaqələrlə yanaşı, ilk növbədə Ermənistanın təcavüzkar siyasəti də gündəmə gələcək. Nəzərə alaq ki, Rusiya həmsədr dövlətdir və prezidentlərin görüşündə əsas müzakirə predmeti münaqişənin həlli olacaq. Düşünürəm ki, bu səfərin nəticələrinə indidən optimist mövqe ifadə etmək olar. Bunu şərtləndirən əsas amil Rusiya-Ermənistan arasındakı gərginliyin artması və etimad mühitinin son dərəcə aşağı düşməsidir”.