AXCP sədri çaş-baş vəziyyətdə qalıb: ARQUMENTSİZLİK

Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında cərəyan edən proseslər, partiya rəhbərliyində təmsil olunan bir sıra şəxslərin istefa verməsi yenidən bu partiyanı gündəmə gətirib. AXCP sədri hər zaman öz mənfilikləri, siyasətçiyə, ən əsası da hakimiyyətə gəlmək iddiasında olan partiya rəhbərliyinə xas olmayan hal və hərəkətləri ilə gündəm yaradıb. Gah paytaxtda mitinq şousu yaradıb, gah ümumxalq hüzn günlərində cəmiyyət arasında xaos yaratmağa çalışıb, gah da xaricdəki bəlli siyasi çevrələrlə maddiyat qarşılığında əməkdaşlığa gedib. Yəni AXCP sədrinin oyunları bitib-tükənməyib.

Son günlər partiya daxilində baş verən hadisələr bir daha göstərdi ki, Əli Kərimli və ətrafının uzun müddətdir manipulyasiya etdiyi və hakimiyyətə qarşı yönəltdiyi ittihamlar əslində özlərini belə əməllərdən yayındırmaq məqsədi güdüb. Bir daha aydın oldu ki, Ə.Kərimli trol şəbəkəsi vasitəsilə öz maraqlarına uyğun sosial şəbəkələrdə kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə götürərək aşağılayır, yalan və dezinformasiya yayır. Əli Kərimli öz məqsədlərinə çatmaq üçün ən qəddar metodlardan istifadə edə, öz yaxınlarını belə qurban verı bilər.

Əli Kərimli və ətrafının siyasi oyunları ilə bağlı “Şərq”ə danışan BAXCP sədrinin müavini, QHT rəhbəri Niyaməddin Orduxanlı deyib ki, hakimiyyət Əli Kərimlinin heç bir bəhanəsinə, arqumentinə yer qoymadığı üçün AXCP sədri çaş-baş vəziyyətdə qalıb:

“Əli Kərimlinin mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verib. Daha nə istəyir?! Arqument tapa bilmir ki, hansı bəhanə ilə mitinqdən imtina etsin. Hər gün özünü öyə-öyə dəstəkçilərinin sayının çox olduğunu iddia edirdi. İndi nə oldu? Arxayındırsa, niyə mitinqdən imtina edir? Bütün bunlar onu göstərir ki, Əli Kərimli mitinqə çox adam gəlməyəcəyini yaxşı bilir. Bir məqamı xatırladım. Müsavat Partiyası “Ukrayna dairəsi”ində icazəli mitinq keçirtdi, yəni imtina etmədi. Halbuki, Müsavat da “Qələbə dairəsi”ndə mitinq keçirtmək istəyirdi, ancaq Bakı Şəhər İcra Hakimiyyəti “Ukrayna dairəsi”ni məsləhət bildi. Qaradağ Bakı şəhərinin rayonlarından biridir. Məsələ ondadır ki, “Qələbə dairəsi” İnşaatçılar Metrostansiyasının yanıdır, burada insanların kütləvi gediş-gəlişi var. Ətrafda xeyli hündürmərtəbəli binalar, bazar və super marketlər var. Əli Kərimli bu adamları da özünün “tərəfdarı” və ya mitinqə gələnlər siyahısına daxil edirdi”.



Niyaməddin Orduxanlı: “Hünəri çatırsa, bəhanəsiz mitinq keçirtsin, görək onu dəstəkləyənlər neçə nəfərdir"


Partiya funksionerinin sözlərinə görə, Lökbatan qəsəbəsində metro çıxışının olmadığını bilən Əli Kərimli növbəti mitinq biabırçılığından ehtiyat edir:

“Hünəri çatırsa, bəhanəsiz mitinq keçirtsin, görək onu dəstəkləyənlər neçə nəfərdir. Əli Kərimli Azərbaycanda sosial şəbəkələrdə trol dəstələrini yaradan şəxsdir. Rəqiblərini, partiya sədrlərini ən pis formada həmin trollarla təhqir etdirdi. İndi o trollar özünün müavininin ailəsi və övlad haqqında ən iyrənc yazılar yazırlar. Heç bir şübhəm yoxdur ki, bütün bunlara Əli Kərimli tapşırıq verib. Bir necə gün bundan qabaq trolları idarə edən şəxsin səsi sosial şəbəkələrdə yayıldı. O da etiraf edirdi ki, Əli Kərimli söyüş söyən trollara başçılıq edir və bütün göstərişlər ondan gəlir”.