“İnkişaf yolumuzu Heydər Əliyev müəyyənləşdirdi”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, 1993-cü il ümumxalq səsverməsində Azərbaycan xalqının böyük etimad və ümüdi ilə Heydər Əliyev Azərbaycan Respublikasının prezdenti seçilib:
“Heydər Əliyevə qədər müstəqil Azərbaycanın siyasi-iqtisadi mənzərəsinə qısa ekskursiya etməyi vacib hesab edirəm. 1991-ci ildə Sovetlər İttifaqının dağılması bu ittifaqda birləşən respublikalara öz müstəqilliklərinə qovuşmaq imkanı verdi. Bu müstəqillik çoxlu respublikalar üçün bir ictimai-siyasi formasiyasının dəyişilməsi kimi tarixə düşdü. Amma Azərbaycan ağır və çətin yolla qarşılaşdı. 1993-cü ilə qədər hakimiyyətdə olanların dövlət idarəetməsindəki təcrübəsizliyi, idarəetmə sistemini qura bilməməsi, şəxsi maraqların dövlət maraqlarından önə çəkilməsi ölkəmizdə ikinci dəfə əldə olunan müstəqilliyi təhlükə altına almışdı. SSRİ-dən böyük maliyyə ehtiyatların miras qalmaması və olanlarının da 1993-cü ilə qədər talan olunması, istehsal müəsisələrinin fəaliyyətlərinin dayandırılması və kütləvi işsizliyin yaranması, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi, insanlar arasında kütləvi narazılıq dalğasının genişlənməsi, torpaqlarımızın sürətlə işğal olunması, ölkədə separatizm meyllərin güclənməsi, 1993-cü ilə qədər olan siyasi-iqtisadi mənzərə idi”.
Deputat: "Heydər Əliyev öz dövlətçilik təcrübəsini və siyasi iradəsini ortaya qoyaraq Azərbaycanın müstəqilliyinin əbədi olacağı bir yolun başlanğıcını qoydu"
Parlament üzvü bildirib ki, ölkənin belə ağır durumunda təcrübəli, iradəli, xalqı arxasınca aparan və Azərbaycanın gələcəyini görə bilən bir liderə ehtiyac var idi:
“Təbii ki, bu lider Heydər Əliyev idi və ondan başqa heç kim Azərbaycanın taleyinə yaşıl işıq yandıra bilməzdi. 1993-cü ilin iyulun 15-də Ali Sovetin səlahiyyətlərini öhdəsinə götürən Heydər Əliyev oktyabrın 3-də xalqın səs çoxluğu ilə Azərbaycan Respublikasının prezdenti seçildi. Təbii ki, Heydər Əliyev prezident seçiləndən sonra 1994-cü ilin oktyabrında və 1995-ci il in martında iki dəfə dövlət çevrilişinə cəhdlər olundu. Amma xalq Heydər Əliyevə inanırdı. Onun bir çağırışına milyonlarla insan cavab verdi və Ulu Öndərdən başqa kimsəni prezdent görmək istəmədiklərini bildirdilər”.
A.Badamovun sözlərinə görə, Heydər Əliyev öz dövlətçilik təcrübəsini və siyasi iradəsini ortaya qoyaraq Azərbaycanın müstəqilliyinin əbədi olacağı bir yolun başlanğıcını qoydu:
“Təbii ki, bu Heydər Əliyev yolu idi. İlk növbədə orduda özbaşınalığa son qoyaraq vahid mərkəzdən idarə olunmağa başlanan nizami ordu yardılmağa başladı. Artıq orduda milli ruh formalaşdı və döyüşə gedən tankların üzərinə “Əliyev üçün” şüarları yazılmağa başlandı. 1994-cü ilin aprelində başlanan əks-hücum əməliyyatı qısa bir zamanda Fizulinin 25 yaşayış məntəqəsinin işğaldan azad edilməsinə şərait yaratdı. Düşməni müvəqqəti atəşkəsə məcbur etdik. Atəşkəsin əldə olunması dövlətimizin müstəqilliyimizin qorunub saxlanması üçün vacib idi. Heydər Əliyevin 3 oktyabrda prezdent seçilməsi ölkədə dövlət idarəetmə sisteminin qurulmasına, ölkənin gələcək iqtisadi əsaları yaradacaq milli neft strategiyasının qəbul edilməsinə və “Əsrin Müqaviləsi”nin imzalamasına, Konstitusiyanın qəbul edilməsinə, ölkənin qeyri-neft sektorunun inkişafının təməli olan iqtisadi islahatların həyata keçirilməsinə, Azərbaycanın qapıları dünyaya açılmasına və dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrilməsinə şərait yaratdı”.
Millət vəkili vurğulayıb ki, bu yol cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“Azərbaycan siyasi sabitliyini qoruyub saxlayaraq günbəgün inkişaf edir, insanların sosial rifahı yaxşlaşır. Bu gün Azərbaycan dünya ölkələri sırasında boy göstərir. Regionda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihə icra olunmur. Azərbaycan dünya xəritəsində kiçik bir əraziyə malik olsa da, Heydər Əliyev siyasəti ölkəmizə böyük bir dövlət imici və nüfuz qazandırıb. Bu gün Azərbaycan hər bir vətəndaşın fəxr etdiyi ölkəyə çevrilib. Nə qədər Azərbaycan var, Heydər Əliyev də yaşayacaq”.