“Prezident İlham Əliyevin şəxsi nüfuzu, dünyada gedən qlobal proseslərdə əsaslı mövqe ortaya qoyması və müasir çağırışlarda fəal iştirakı Azərbaycanın güclənməsinə xidmət edir”. Bunu Sherg.az-a açıqlamasında YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
YAP təmsilçisi bəyan edib ki, beynəlxalq tədbirlərin, böyük əhəmiyyətə malik zirvə toplantılarının və idman yarışlarının Azərbaycanda keçirilməsi məhz dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzunun və apardığı düzgün siyasətin nəticəsidir:
“Dünyanın güc mərkəzləri sayılan ABŞ və Rusiyanın yüksək rütbəli rəsmiləri, generalları görüş məkanı kimi hər dəfə Bakını seçirlər. Ölkəmiz idmandan tutmuş humanitar siyasətə qədər bir çox əhəmiyyətli sammitlərin vazkeçilməz platformasına çevrilib. Prezidentin şəxsi nüfuzunun yüksək olması, dünyada mahir siyasətçi və diplomat kimi tanınması Azərbaycanın söz sahibinə çevrilməsində ən vacib göstəricidir.
Seymur Orucov: "Prezident İlham Əliyevin isə hər gün qlobal nüfuzu artır ki, bu da paralel olaraq Azərbaycanın da güclənməsinə və tanınmasına şərait yaradır"
Dövlət başçısının “Valday” Beynəlxalq Diskusiya Klubuna dəvət olunması və orada Rusiya rəhbəri Vladimir Putin başda olmaqla bir sıra siyasi xadimlərlə mühüm görüşlər keçirməsi bu nüfuzun bariz nümunəsidir. Əvvəllər Azərbaycan Qafqazın ən güclü dövləti sayılırdısa, indi biz Avropa dövlətləri ilə müqayisə olunacaq səviyyədəyik. Prezident İlham Əliyevin düzgün idarəçiliyi sayəsində Azərbaycan bir çox meqa layihənin və beynəlxalq sammitlərin mərkəzinə çevrilib. Ölkəmiz durmadan inkişaf etməkdə, öz mövqeyini daha da gücləndirməkdədir. Bütün regional məsələlərdə rəsmi Bakının rəyi öyrənilir və bizimlə hesablaşırlar”.
S.Orucovun sözlərinə görə, Azərbaycan nə qədər sürətlə inkişaf edirsə, düşmən ölkə Ermənsitan da həmin sürətlə tənəzzülə gedir:
“Ən böyük xoşbəxtliyimiz Prezident İlham Əliyevin şəxsi nüfuzunun gündən-günə artmasıdır. Dövlət başçısının qlobal nüfuzunun çoxalması paralel olaraq Azərbaycanın da güclənməsinə və tanınmasına şərait yaradır. Ancaq işğalçı Ermənistan dövləti bütün sahələr üzrə tənəzzül dövrünü yaşayır. Ölkəyə rəhbərlik edən Nikol Paşinyan getdikcə olan-qalan nüfuzunu itirir. Bunu Ermənistandakı sorğular da ortaya qoyur. Əlbəttə, Ermənistan baş naziri ilə Azərbaycan rəhbərliyini, yaxud təcavüzkar və kasıb bir dövlətlə güclü ölkəmizi müqayisə etmək çox absurd olardı. Sadəcə onu deyək ki, Azərbaycan hökumətinin sıradan bir nümayəndəsi belə baş nazir Paşinyandan savadlı və qabiliyyətlidir. Ermənistan sosial və iqtisadi partlayışların ərəfəsindədir. Nə vaxtsa bu partlayış baş verəcək”.