Siyavuş Novruzov: "İslahatların iki əsas səbəbi var"

"Ölkədə gedən islahatların, kadr dəyişiklikləri gözlənilən idi. Bu proseslər əslində 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdı". 

Sherg.az-ın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, bildirib ki, seçkilərdən sonra kadr, struktur və sosial sfera baxımından islahatlar həyata keçirilməyə başlayıb: 

"Bunları cənab Prezident Milli Məclisdə aniçmə mərasimində elan eləmişdi. Prezident dəfələrlə bildirmişdi ki, bu islahatlar zərurətdən irəli gəlir. İslahatların iki əsas səbəbi var: dünyada gedən proseslərdir ki, buna operativ reaksiya tələb olunur, həmçinin cəmiyyətin eyni məsələlərə yanaşmasında ciddi dəyişikliklər formalaşmışdı. Bunu nəzərə alaraq 2019-cu ilin dövlət büdcəsində islahatların dərinləşdirilməsi ilə bağlı maliyyə məsələləri nəzərdə tutulmuşdu. Bunları ona görə demək istəyirəm ki, bəzi opponentlər, onlara opponent də demək olmaz, Azərbaycanı istəməyən qüvvələr əhalini çaşdırmağa çalışır ki, "biz mitinq, yürüş keçirdik və bunun nəticəsi olaraq hakimiyyət islahatlara getdi". Bu kökündən yalandır, uydurmadır. Hər vəchlə çalışırlar ki, insanlara yalan informasiya versinlər. Tamamilə iddiaları cəfəngiyyatdır. Hökumət hələ keçən ildən bu islahatları planlaşdırıb. Fikir verirsizsə yeni strukturlar yaradıldı, köhnələr artıq birləşdirilir. Bu da operativlik, çevik idarəetmə üçün edilir". 

S.Novruzov qeyd edib ki, bütün bu islahatlar sonucda Azərbaycanı daha böyük uğurlara, inkişafa aparacaq.