Rəsmi Bakının Qoşulmama Hərəkatından gözləntiləri var: "Qarabağ münaqişəsində..."

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb. 60-a yaxın ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə, Hərəkata sədrlik 3 il müddətinə Azərbaycana keçib. İlham Əliyev qurumun sədri seçilib.

Bununla yanaşı, sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də nəzərdə tutulub.

Tədbirlə bağlı politoloq Nəzakət Məmmədova Sherg.az-a deyib ki, Qoşulmama Hərəkatı 3-cü yolu seçmiş ölkələrdir:

“Soyuq müharibə” dövründə kapitalizm və sosializm tərəfdarı olmayan ölkələr bu hərəkatı yaratdı. Baxmayaraq ki, “soyuq müharibə” dövrü başa çatıb, bu hərəkat indi də dünya siyasətində öz mövcudluğunu qoruyub saxlayır. Azərbaycan da bu siyasi bloka dəstək verən ölkələrdən biridir. Aydın məsələdir ki, Azərbaycan NATO-ya üzv olmaq iddiasını ortaya qoysa, Rusiyanın ciddi təzyiqləri ilə qarşılaşacaq. Necə ki, Gürcüstan və Ukrayna bu təzyiqlərin qurbanı olub. Azərbaycan öz xarici siyasətində qeyri-müəyyənlik yaşamamaq üçün Qoşulmama Hərəkatına üz tutdu".
 


Analitik Azərbaycanın Hərəkata sədrlik etməsini siyasi baxımdan uğur sayır:

"Hesab edirəm ki, belə bir siyasi Hərəkata üzv olmaq və sədrlik etmək ölkənin uğuru baxımından təqdirəlayiqdir. Amma bu, həm də bir prosedur qaydasıdır. Bizim gözləntimiz əsasən odur ki, Hərəkata üzv olan ölkələr Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstək nümayiş etdirsin. Bu, o zaman bizim üçün həqiqi uğur sayıla bilər. Hərəkat diplomatik dəstək baxımından Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həllinin normativ hüquqi bazasının təkmilləşdirilməsində bir addımdır. Lakin bu gün BMT-nin qətnamələrinə məhəl qoyulmursa, Hərəkata qoşulan bir qrup ölkənin iradəsinin nəyisə həll edəcəyinə inanmaq olmaz. Nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun iki üzvü NATO-ya üzv olan ölkələrdir və onlar bu Hərəkata üzv deyil. Belə olan halda bu Hərəkatın qəbul etdiyi qərarlar lider ölkələrə necə təsir göstərə bilər? ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr özlərinin qəbul etdiyi qərarlara nəzarət edə bilmirsə, bu Hərəkatın qəbul etdiyi qərarlar onlar üçün heç bir təsirə malik olamayacaq”.