Azərbaycan parlamentinə növbədənkənar seçkilərin keçiriləcəyi gözlənilir. Belə ki, Milli Məclisin buraxılması ilə bağlı parlamentin dünənki iclasında qərar qəbul edilib.
Xatırladaq ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.
Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib.
Elə həmin gün Prezident İlham Əliyev Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.
Eldar İbrahimov: “Milli Məclis deputatlarının sayının 125-dən 117–yə düşməsi bəzi məsələlərin həllində parlamentin işinin təşkilində müəyyən çətinliklər yaradır”
Sherg.az-ın xəbərinə görə, Milli Məclisin buraxılması məsələsi ilə bağlı danışan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Milli Məclisdə 69 deputatla təmsil olunan YAP Siyasi Şurası cənab Prezidentin həyata keçirdiyi düşünülmüş siyasətə parlamentin töhfəsini artırmaq məqsədi ilə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edib:
“Əlbəttə, bu təşəbbüs heç də təsadüfi olmayıb. Belə ki, Milli Məclisin üzvləri olan deputatlar qanunvericilik fəaliyyəti ilə yanaşı həm də çox nüfuzlu müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir, ölkəmizin siyasi və sosial-iqtisadi sahədə, beynəlxalq əlaqələrdə qazandığı uğurların təbliği və təşviqi ilə də məşğul olurlar. Digər tərəfdən Dağlıq Qarabağ məsələsində hörmətli Prezidentimizin irəli sürdüyü informasiya müharibəsində hücum taktikasından məharətlə istifadə olunmasının vacibliyi də beynəlxalq təşkilatlarla və sosial şəbəkə ilə ən çox əlaqədə olan Milli Məclis üzvlərinin üzərinə böyük öhdəliklər qoyur. Bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Milli Məclisin daha yüksək intellektə malik, çağdaş dünyamızın müasir çağırışlarına mükəmməl biliyi və bacarığı, çox aktiv fəaliyyəti ilə seçilən, müəyyən təcrübə toplamış gənc nəslin nümayəndələri ilə formalaşması zərurəti yaranıb. Onun sözlərinə görə, təhsil sahəsində ölkəmizdə uğurla həyata keçirilən siyasət nəticəsində həm ölkədaxili və həm də xarici ölkələrin nüfuzlu universitetlərini bitirmiş yüksək ixtisaslı kadrlar yetişib. Bu kadrların müasir bilik və bacarığından, intellektindən son vaxtlar icra və məhkəmə hakimiyyətində uğurla istifadə olunur, xalqımız və dövlətimiz üçün uğurlu nəticələr əldə olunur. Dövlət başçısının deputatlar sırasından bacarıqlı və səriştəli mütəxəssisləri icra orqanlarında yüksək vəzifələrə təyin etməsi də bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, bu və digər səbəblərdən Milli Məclis deputatlarının sayının 125-dən 117–yə düşməsi bəzi məsələlərin həllində parlamentin işinin təşkilində müəyyən çətinliklər yaradır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, ölkəmizdə yaradılmış yüksək intellektə malik kadr potensialından vaxtında və daha səmərəli istifadə etmək, icra və məhkəmə hakimiyyəti orqanlarında son vaxtlar baş verən dərin islahatlara adekvat olaraq qanunverici orqan olan Milli Məclisdə də müvafiq dəyişikliyin aparılmasını zəruri edir və məsələni bir il gözləməklə yubatmağa ehtiyac yoxdur. Ona görə də mən YAP Siyasi Şurasının müvafiq qərarını dəstəkləyirəm və parlamentin yenilənməsində təcrübəli, nüfuzlu insanların və yüksək ixtisaslı gənc kadrların deputatlığa namizədliklərinin irəli sürülməsi məqsədəmüvafiq sayıram. YAP-ın verdiyi bu qərar Konistitusiyamıza uyğun addımdır”.