9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisin növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib.
MSK-nın qərarı ilə Yeni Azərbaycan Partiyasının maliyyə məsələləri üzrə nümayəndəsi kimi V çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.
Sosial şəbəkələrdəki bəzi iddialara görə, Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsi dolayısı ilə onun deputatlığa namizədliyinin irəli sürülməyəcəyini ortaya qoyub.
Partiyanın mətbuat katibi Hüseyn Paşayev Modern.az-a bildirib ki, bunun məsələyə aidiyyəti yoxdur: "Proses həmişə belə olub”.
YAP rəsmisi qeyd edib ki, Siyavuş Novruzov ilk dəfə deyil ki, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunur:
"Siyavuş Novruzov həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olub”.
"Ancaq Siyavuş Novruzovun YAP tərəfindən deputatlığa namizədliyinin verilib-verilməməsi barədə bir söz deyə bilmərəm. Sadəcə olaraq, dediklərinizin məsələyə aiddiyatı yoxdur. Qanunla məsələ bu cür tənzimlənir”, - deyə Hüseyn Paşayev əlavə edib.