Ermənistan tərəfinin manipulyasiyaları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə mane olur.
Bunu Trend-ə rusiyalı ekspert Vladimir Salyayev deyib.
O bildirib ki, Azərbaycan bu məsələdə ədalətli mövqeyini müdafiə edir.
Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin və həmsədrlərin görüşünü şərh edən ekspert görüşün zəngin keçdiyini deyib:
“Təəssüf ki, erməni tərəfi əvvəllər olduğu kimi yerinə yetirilməyəcək şərtlər irəli sürdü və münaqişənin nizamlanmasına mərhələli yanaşmanı qəbul etmədi. Bu da onlar tərəfindən növbəti manipulyasiya cəhdlərini göstərir”.
Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ilk addım münaqişənin əsas fəsadlarının aradan qaldırılması, yəni erməni qoşunlarının Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması olmalıdır:
“Ermənistan ağır daxili siyasi vəziyyətlə əlaqədar konstruktiv yanaşmadan məhrumdur. Məsələni daha da ağırlaşdıran odur ki, Paşinyan danışıqlar prosesi ətrafındakı vəziyyətə tam sahib deyil”.
O əlavə edib ki, N.Paşinyanın qarşısında daxili siyasi məsələlərlə bağlı tapşırıqlar da dayanıb:
“Ermənistan daxili problemlər içində çabalayır. Təcrübəsiz siyasətçi olan Paşinyanın rəhbərliyi altında populistlərin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişmədi. Yeni rəhbərlik nə qədər çalışsa da, ölkənin inkişafı üçün rasional addımlar ata bilmir ki, bu da təsadüfi deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca iqtisadi inkişaf modelləri barədə danışmaq mümkün deyil”.