İrəvanda Lazarev Klubunun üçüncü iclası start götürüb. Axar.az xəbər verir ki, iclasın mövzusu “İki ölkədəki aktual sosial və siyasi proseslər fonunda Rusiya-Ermənistan dialoqu. Rusiya və Ermənistan KİV-i: açıq söhbət”dir.
Təşkilatçılar klub iclasının məqsədinin iki ölkənin jurnalistləri arasında birbaşa dialoqun təmin edilməsi, Rusiya-Ermənistan münasibətlərinin regiondakı ictimai-siyasi situasiya kontekstində inkişafı ilə bağlı açıq söhbət aparılması olduğunu vurğulayıblar.
Klubun rəhbəri Konstantin Zatulin görüşün keçirilməsinə görə Rusiya Prezident Administrasiyası və klubun ənənəvi sponsorlarına təşəkkür edib. O, həmçinin, klubun Taner Akçamın qondarma erməni soyqırımını təbliğ edən kitabını rusca nəşr edəcəyini bildirib.
Qeyd edək ki, Lazarevlər Rusiyada yaşayan məşhur erməni nəslidir. Bu klubun yaradılması təşəbbüsüylə 2018-ci ildə məşhur erməniyönlü rusiyalı deputat Konstantin Zatulin çıxış edib. Elə həmin il klub təsis olunub.
Lazarev Klubundan öncə Ermənistanda Qriboyedov Klubu fəaliyyət göstərib. 2012-ci ildə yaradılan klub 2015-ci ildə fəaliyyətini dayandırıb. Klubun yaradıcı rusiyalı jurnalist Dmitri Kisilyov idi.