"Mənim seçkiyə qatılmağımın kökündə Prezidentin islahat bəyanatları durur" - Zəlimxan Məmmədli

"Ümid var ki, bir qrup insan hansısa müdaxilə olmadan, qanuni yollarla parlamentə düşsün"

"İnsanlar bilməlidir ki, gerçək millət vəkili necə olur. Deputatın statusu sadəcə parlamentdə oturub qanunlara səs vermək deyil"

"Bir qrup kommunist təfəkkürlü, paslanmış, milli məsələlərdən uzaq düşmüş, köhnə təfəkkürlə yaşayan məmur və deputatdansa, bakalavr səviyyəsində olan gənc mütəxəssis daha faydalıdır"


“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli növbədənkənar parlament seçkisinə qatılıb. Birlik sədri namizədliyini 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürüb. Feysbuk profilində bu barədə qısaca məlumat verən Z.Məmmədli digər partiyaların ona dəstək verdiyini ifadə edib:



“Partiya sədrləri 33 saylı Xətai birinci seçki dairəsində namizədliyimi, şansımı, haqqımı tanıyaraq "sən olan yerdə bizim namizədsən", cəsarəti ilə əxlaq nümunəsi nümayiş etdirirlər. Sağ olsunlar. Şükür ki, 30 illik mübarizə tarixi kimin-kim olduğunu göstərib, hamı bir-birini tanıyır. Təkrarən qapı-qapı düşüb tanıtma, minnət bizə, millətimizə yaraşan deyil. Partiyalılığından asılı olmayaraq ləyaqətini qoruyan ixtiyari namizəd həm də mənim, bizim namizəddir”.
Namizədlik və ümumən seçki prosesi, cəmiyyətdə müşahidə olunan aktivliklə bağlı “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli ilə  söhbətləşmək qərarına gəldik. Z.Məmmədli “Şərq”ə müsahibəsində hansı səbəbdən növbədənkənar parlament seçkisinə qatıldığına aydınlıq gətirib..

 - Zəlimxan bəy, son dönəmlər aparılan kadr və struktur islahatları, parlamentin buraxılması və s. hadisələr seçki proseslərinə ümumi münasibəti dəyişib. Bu qədər iddialı şəxslərin marafona qoşulması nəylə bağlıdır? Dəyişən nədir?



 - İllərdir siyasi proseslərin içindəyik. Müşahidələr göstərir ki, Azərbaycanda siyasi fəallıq aşağı düşüb. İnsanlarda seçkilərə, seçkinin nəticələrinə inamsızlıq yaranıb. Çox adam düşünür ki, səsvermədə iştirak etməsi nəyisə dəyişməyəcək. Ancaq indiki halda namizədlərin sayının çoxalmasına təsir göstərən bir sıra amillər var. Prezident İlham Əliyev islahatlar həyata keçirir ki, bu islahatlara ümid edənlər, özünü yeni formalaşan strukturlarda görmək istəyənlər xeyli çoxdur. Ümumən götürəndə isə seçki dövlətin və vətəndaşın gələcəyinin müəyyən olunması prosesində ciddi vasitədir. Məqsədimiz seçkiyə inam prosesini bərpa etməkdir. Gələn həftə bələdiyyə seçkiləri keçiriləcək. Bunu xırda seçki hesab edirik, əslində vətəndaşa ən yaxın hakimiyyət orqanı məhz bələdiyyədir. Amma demək olar ki, bələdiyyə seçkisi yaddan çıxıb və kölgədə qalıb. Aldığım məlumata görə, bizim rayonda 140-dan artıq bələdiyyəyə namizəd var. Əlbəttə, bu, böyük rəqəmdir. Bələdiyyələrin nüfuzu olsaydı, bəlkə də parlament seçkisi qədər nüfuzlu seçki prosesin şahidi olardıq. Hesab edirəm ki, seçki prosesinin özündə islahatlara ehtiyaclar var. 

 - Seçkidə namizəd olmaq qərarınız ölkədə aparılan islahatlarlamı bağlıdır? 

 - Prezidentin islahat bəyanatları və bunların reallaşması seçki prosesini stimullaşdırıb. Şəxsən mənim növbədənkənar parlament seçkisinə qatılmağımın kökündə bu məsələlər durur. Müəyyən ümid var ki, bir qrup insanın hansısa müdaxilə olmadan, qanuni yollarla parlamentə düşmə ehtimalı var. Biz “ağ inqilabın” tərəfdarıyıq. Əgər siyasi iradə ortaya qoyularsa, yuxarıdan aşağı inqilabi proses başlaya, idarəetmədə dəyişikliklər yaşana, ən əsası isə demokratik seçkilər keçirilə bilər. Az da olsa proseslərə inananlar var və mən də inananlar kateqoriyasına daxiləm. İdealların içində ən idealını deyil, mövcudlar içində ən yaxşısını seçirik. Son aylar ictimaiyyətə hiss olunan fəallığı bununla bağlayıram. Cəmiyyətdə seçkiyə etimadın artacağına dair bir ümid var. Bu da Prezidentin dəfələrlə ifadə etdiyi islahatlar və gəncləşmə çağırışları ilə bağlıdır.  

 - “Təkrarən qapı-qapı düşüb tanıtma bizə yaraşan deyil” ifadəsi ilə Xətai rayonunda xüsusi təbliğatınıza ehtiyac olmadığınımı nəzərdə tutursuz? 

 - Burada söhbət elitadan gedir. Siyasətdə “bir igidin ömrü qədər” stajım var. Siyasətdə olan insanların keçmişləri və fəaliyyətləri isə hamıya yaxşı bəllidir. Hər bir siyasətçinin dik durması, yaxud nə zamanda əyilməsi ictimaiyyət tərəfindən bilinir. O baxımdan deyirəm ki, bu cür adamların xüsusi tanıdılmasına ehtiyac yoxdur. Statusumda qeyd etmişdim ki, bir sıra siyasi partiyalar açıq şəkildə namizədliyimi dəstəklədilər və həmin dairədən öz namizədlərini verməyəcəklərini bəyan etdilər. Sözün açığı bu haqqı mən də özümə verirəm. Hesab edirəm ki, bu, 30 ildən çoxdur aktiv siyasi fəaliyyətdə olan Zəlimxan Məmmədliyə verilən dəyərdir. Lakin düşünürəm ki, hazırda seçicini inandırmaq, vətəndaşları seçki prosesinə cəlb etmək ciddi problemlərdən biridir. Ümid olsa da, inam yetərli deyil. Əslində “vahid namizəd”, “bir dairədən sadəcə bir namizəd” iddialarını da əhəmiyyətsiz sayıram. Ədalətli seçki keçirilsin və kimin haqqıdırsa, o da qazansın. 

 - Xətai rayonunu seçməyiniz sırf orada işləməyinizlə bağlıdır, yoxsa başqa səbəbləri var? 

 - Namizədliyimi irəli sürdüyüm dairəni təsadüfi seçməmişəm. Bu, mənim prinsipial mövqeyimdir. Uzun müddətdir Xətaidə işləyirəm, burada Xalq Hərəkatına başlamışam, mübarizəyə qoşulmuşam. Daim insanların içərisindəyəm. Eyni zamanda rayonun icra başçısı olmuşam. Pisim də, yaxşım da burdadır və seçicilər məni tanıyır. Ola bilsin, yeni nəsil yaxşı tanımasın. Əgər dədələri başa salarsa, onlar da mənə dəstək verər. Ümumi götürəndə bu cəsarəti sərgiləməyimin özü bir yanaşmadır. İnsanlar bilməlidir ki, gerçək millət vəkili necə olur. Deputatın statusu sadəcə parlamentdə oturub qanunlara səs vermək deyil. Millət vəkili həm də böyük mənəvi məsuliyyət daşıyır. Buna görə sakinlərin səsini parlamentdə qaldırmalıdır. 

 - Parlament seçkisi öncəsi “gənc-yaşlı” söhbəti ciddi müzakirə olunmaqdadır. Məsələnin bu cür dəyərləndirilməsinə münasibətiniz necədir? 

 - Süni şəkildə təbəqələşmə yaratmağın doğru olmadığını düşünürəm. Konstitusiyamıza görə, vətəndaşların qanun qarşısında bərabərliyi tanınır. Cinsindən, yaşından və sosial statusundan asılı olmayaraq qanun qarşısında hamı bərabərdir. O baxımdan “yaşlıların hamısı hökmən getməlidir” yanaşması normal deyil. Millətimiz çox zəngindir və nəsillərarası hər zaman loyal varislik olub. Qanunlarımızda adət-ənənələrdən bəhrələnmiş maddələr kifayət qədərdir. Söhbət ondan gedir ki, parlamentdəki bəzi yaşlılar presedent oldu. Çünki onlar bacarmadıqlarını qeyd etdilər. Yenidən namizəd olmaq üçün gərək üzləri olsun. Bacarmırsansa, təkrar özünü parlamentə niyə soxursan?! Fikrimcə, bir qrup kommunist təfəkkürlü, paslanmış, milli məsələlərdən uzaq düşmüş, köhnə təfəkkürlə yaşayan məmur və deputatdansa, bakalavr səviyyəsində olan gənc mütəxəssis daha faydalıdır. Yeni təfəkkür gəlməlidir. Yeni təfəkkür isə milliliyə, dövlətə, bayrağa, istiqlala vurğun olmalıdır. Azad gənclərin bələdiyyə, parlament seçkilərində fəal iştirak etməsi çox önəmlidir. Bu, yalnız və yalnız Azərbaycan dövlətinin xeyrinədir. Gənclərimiz məğrur, qürurlu və qəhrəmandır. İmkan verməliyik ki, gənclər siyasi mübarizəyə alışsın, qalib və məğlub olmağı bacarsın, yeniləni təpikləməsin. Bu təfəkkür bizdə hakim olarsa, Azərbaycan cənnətməkan olar.