Dekabrın 16-da Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqlayıb. Partiya sədri Arif Hacılının verdiyi məlumata görə, 78 dairədən 81 namizəd irəli sürülüb. Namizədlər arasında A.Hacılı ilə yanaşı Müsavatın keçmiş lideri İsa Qəmbər, indiki sədrin müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli, mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli, Gənclər Təşkilatının rəhbəri Elman Quliyev, partiya Məclisinin rəhbəri Nüşabə Sadıqlı və başqaları var. Sədr vurğulayıb ki, namizədlərin olmadığı dairələrdə digər partiyaların nümayəndələrinə dəstək veriləcək: “Bəzi dairələrdə iki namizəd irəli sürülür. Hələ bilmirik ki, bütün namizədlər qeydiyyata alınacaq ya yox. Əgər qeydiyyatdan sonra dairələrdə iki namizəd qalarsa, partiya bu və ya digər namizədin dəstəklənməsi məsələsini müəyyən edəcək”.
Müsavatın açıqladığı siyahı, daha doğrusu namizədlərin sayı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Siyahıda layiqli namizədlərin olduğu vurğulansa da, ümumən tənqidi fikirlər səsləndirilib. Xüsusən, Müsavatın bir dairəyə iki namizəd irəli sürməsindən tutmuş, özünü “ana müxalifət” hesab edən iddialı bir partiyanın 125 dairədən namizəd çıxara bilməməsi, ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Əksəriyyətə görə, 10-15 il əvvəl Müsavat Partiyası namizəd və sosial elektorat baxımdan bu cür problem yaşamayıb. Hətta, əvvəlki seçkilərdə Müsavatın namizədləri arasında Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər aktiv rol oynayan, xalq tərəfindən qəbul edilən ziyalılar, alimlər, şair və yazıçılar yer alıb. Ancaq xeyli vaxtdır bu mənzərənin şahidi olmuruq. Partiya budəfəki seçkilərdə xeyli bölgədə, ələlxüsus Azərbaycanın qərb rayonlarında namizəd tapa bilməyib. Məsələn hər zaman əsas dayaq nöqtələrindən olan Tovuzda partiyanın namizədi yoxdur.
Analitiklərin fikrincə, ötən müddət ərzində Müsavatın idarəetməsində və kadr potensialında mənfiyə doğru ciddi dəyişiklik yaşanıb. Partiyanın siyasi proseslər fonunda “qan itirməsi” sadəcə namizəd məsələsində məhrumiyyətlə nəticələnməyib. Nüfuzlu şəxslərin siyasi təşkilatı tərk etməsi Müsavatı ənənəvi tərəfdaşlarından da uzaqlaşdırıb. Bütün bu məqamlar Müsavat Partiyasının özünün iddia etdiyi kimi heç də Azərbaycan miqyasında geniş sosial bazaya malik olmadığını göstərir.
Azər Rəşidoğlu: "Bu partiyanı quranlar artıq orada arzuolunmaz şəxs elan ediliblər"
Müsavatın namizəd siyahısı ilə bağlı fikirlərini Sherg.az-a açıqlayan siyasi şərhçi Azər Rəşidoğlu deyib ki, indi heç bir partiya 10-15 il əvvəlki kimi güclü deyil. Ekspertin sözlərinə görə, artıq siyasi şərtlər başqadır:
“Yeni protest elektoratı formalaşıb və onların tələbləri tam fərqlidir. Digər tərəfdən, 15 il öncə Müsavatın başqanı İsa Qəmbər idi, indi Arif Hacılıdır. 15 il əvvəl bu partiyanın rəhbərliyində ziyalılar var idi, indi elə adamlar müavin olublar ki, mətbuatı, müxalifəti, hər kəsi Müsavata düşmən ediblər. Bu gün bütün partiyalar eyni vəziyyətdədir. Müsavat isə lap ağır durumdadır. Bu partiyanı quranlar artıq orada arzuolunmaz şəxs elan ediliblər. Bunun sonuncu elə belə də olmalı idi. Yəni ki, Müsavatın 125 dairənin hər birinə namizəd tapa bilməməsi təbiidir”.