BAXCP seçkiyə hazırlaşır: Sədr namizədlərlə görüşdü

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil qərargahında deputatlığa namizədliyi irəli sürülən şəxslərlə görüş keçirilib”.

Sherg.az-ın xəbərinə görə, bu barədə BAXCP sədrinin müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Feysbuk səhifəsində məlumat verib. 

Partiya təmsilçisi bildirib ki, görüşdə çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın seçki platformasının əsas istiqamətlərindən söhbət açıb, deputatlığa namizədliyi irəli sürülmüş şəxslərə uğurlar diləyib: 

“Partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş bəzi şəxslərin mübarizə aparacağı dairələrin bir hissəsi artıq müəyyənləşib. Yekun siyahının hazırlanması ilə bağlı müzakirələr davam edir. Yaxın günlərdə BAXCP tərəfindən deputatlığa namizədliyi irəli sürülən şəxslərin yekun siyahısı açıqlanacaq”.

E.Mirzəbəyli vurğulayıb ki, bu gündən başlayaraq, pPartiya növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı yalnız yazılı açıqlama ilə çıxış edəcək: 

“Bəzən siyasi prosesləri, Seçki Məcəlləsini və digər bu kimi xüsusi bilgilər tələb edən məsələləri dərindən bilməyən, yetərincə təcrübəsi olmayan həmkarlarımız açıqlamalarımızın təqdimatı zamanı bilməyərəkdən yanlışlığa yol verirlər. Belə məsələlərdə isə bəzən bir sözün yerinin dəyişdirilməsi, yaxud cümlənin jurnalistin özünün başa düşdüyü kimi qurulması bu və ya digər fikrin ictimai rəyə düzgün təqdim edilməməsinə zəmin yaradır. Öncədən anlayışınız və informasiya dəstəyiniz üçün hər birinizə dərin minnətdarlığımızı bildiririk”.