“Ermənistan tərəfi əsir və girovların qarşılıqlı dəyişdirilməsi prosesində hər zaman riyakar mövqe tutur”. Bunu Sherg.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Analitik bildirib ki, müasir dünya siyasəti sanki saxtakarlıq və riyakarlıq üzərində qurulub:
“Qeyri-səmimi münasibətin, həqiqəti əks etdirməyən fikirlərin yayılması adi hal alıb. Xüsusən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq aləmdə ikili standartlar hökm sürür. Birinci Dünya Müharibəsindən sonra əsir və girovların dəyişdirilməsi məsələsi Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə həvalə olundu. Quruma böyük səlahiyyətlər verildi. Münaqişə tərəfləri əsir və girovların sayı ilə bağlı dəqiq məlumat ötürməlidir. Apardığımız müşahidələr göstərir ki, istər Xocalı soyqırımı, istərsə də digər ərazilərimizin işğalı zamanı azı 5500 nəfər azərbaycanlı ermənilərin əlinə keçib. İrəvan hökuməti isə həmişə bu rəqəmi danıb. Yolu azıb təmas xəttini keçən sivil vətəndaşla bağlı gec də olsa kiçik məlumat verirlər. Lakin döyüş əməliyyatları zamanı itkin düşmüş, əsir götürülmüş hərbiçi azərbaycanlılarla bağlı informasiyanı gizlədirlər”.
Qabil Hüseynli: “Ata yurdlarını görmək üçün doğulduqları torpağı ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərovu “hərbi cani” adı altında illərdir dözülməz vəziyyətdə saxlayırlar”
Ekspertin sözlərinə görə, Ermənistan rəsmiləri girovlarla bağlı həqiqəti əks etdirməyən uydurma xəbərlər yayırlar:
“Hətta bəzən absurd fikirlər irəli sürürlər ki, guya azərbaycanlı girovlar geri qayıtmaq istəmirlər, onlar könüllü olaraq erməni cəmiyyətinə adaptasiya ediblər və s. Ata yurdlarını görmək üçün doğulduqları torpağı ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərovu “hərbi cani” adı altında illərdir dözülməz vəziyyətdə saxlayırlar. Düşmən tərəf əsir və girovlarla bağlı heç bir güzəştə getmir. Bu səbəbdən ermənilərlə girov məsələsində ümumi razılığa gəlmək mümkün olmur. Burada Rusiyanın mövqeyi də təəccüblüdür. Torpaq məsələsində erməniləri güzəştə vadar etməmələrini hardasa anlayırıq. Ancaq humanitar hadisələrdən kənarda durmaq başadüşülən deyil”.