Bu, demokratiya deyil, rəzalətdir: Almaniya AfD kimi təşkilatların fəaliyyətinə son qoymalıdır

Son illərdə Almaniyadan işğal altında olan torpaqlarımıza qanunsuz səfərlərin sayının artmasına töhfə verən əsas faktorlardan biri Ermənistanın bu ölkənin radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə fəal əməkdaşlıq etməsidir. 2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqı, eləcə də Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatları işğal altında olan torpaqlarımıza qanunsuz səfərlər ediblər. Bundan əlavə, Bundestaqın sözügedən fraksiyasının nümayəndələri qondarma rejimin “deputatlarını” Bundestaqa çağırıblar.

Erməni mətbuatı bunu “Artsax” nümayəndələrinin həmin seçkilərdə “müşahidəçi” qismində iştirakı kimi yayıb. 

Qeyd olunmalıdır ki, AfD Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları o cümlədən Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaqdan ibarətdir. Təşkilatı islamafob, anti-semitist, irqçi, anti-demokratik və “BREXİT partiyası” adlandırırlar və Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər. Almaniyada həm federal hökumət, həm də federal torpaqların hökumətlərinin qurulması prosesində AfD ilə koalisiya qurulması və ümumiyyətlə bu partiya ilə hər hansı formada əməkdaşlıq edilməsi digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir. Fraksiyanın sağçı populist, irqçi, anti-semitist və islamafob qüvvə olmasına dəlalət edən çoxlu sayda fakt məlumdur. Onlar müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandırırlar və bu baxımdan norveçli terrorist Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər. Sağçı radikallar işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Maraqlı məqam həm də budur ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-ləri belə Ermənistan-AfD əməkdaşlığına tənqidi mövqedən yanaşmış, o cümlədən AfD-çilərin qanunsuz səfərləri barədə Azərbaycanın maraqlarına xidmət edən xəbərlər yaymışlar. Halbuki digər hallarda alman mətbuatı işğal altında olan torpaqlarımıza qanunsuz səfərləri xüsusi şərh etmir. Amma radikalların beynəlxalq hüquqa hörmətsizlik etməsi, başqa ölkələrin qanunlarını pozması və onların ərazi bütövlüyünü şübhə altına alması alman mətbuatı tərəfindən həvəslə qabardılır və tənqid olunur. 


“Bu partiyanın işğal altında olan torpaqlarımıza qanunsuz səfərləri, separatçılarla təmasları dünya mediasında qınanmalıdır”


Siyasi şərhçi Anar İmanov “Şərq”ə açıqlamasında deyib ki, bu kimi məsələlər xarici mediada geniş işıqlandılımalıdır ki, hər kəs xəbərdar olsun. Politoloqun sözlərinə görə, ümumiyyətlə çox maraqlı mənzərə yaranıb:

“Faşizmdən güclə qurtulan Almaniya indi də başqa partiyanın əlindən əziyyət çəkir. Almaniya üçün Alternativ (AfD) partiyasını neonasistlər təşkilatı kimi qəbul edənlər çoxdur. 2013-cü ildə yaranan partiya ksenofobiyanı təbliğ edir və miqrantlara qarşı ifrat dərəcədə əsk mövqedə dayanır. Yəni belə bir partiyanın monoetnik Ermənistanda yaranması təəccüblü olmazdı. Amma özünü Avropada demokratik dövlət sayan Almaniya üçün bu situasiya çox təəccüblüdür”.

Analitik vurğulayıb ki, sözügedən partiyanın işğal altında olan torpaqlarımıza qanunsuz səfərlər etməsi, separatçılarla təmaslar qurması dünya mediasında xüsusi qabardılmalıdır:

“Ermənistan Azərbaycanın toqpaqlarını işğal edib və bu, danılmaz faktdır, aksiomadır. Bu faktı bütün dünya qəbul edib, BMT qətnamələr hazırlayıb. ATƏT-in Minsk Qrupunun üzvü kimi Almaniya da torpaqlarımızın ermənilər tərəfindən işğalını inkar etmir. Bu fonda Almaniyada yaranan hansısa siyasi təşkilatın separatçılarla təmasları başadüşülən deyil və mütləq şəkildə qınanmalıdır. Ümumiyyətlə, 21-ci əsrdə müsəlmanlara qarşı barışmaz mövqedə dayanan siyasi təşkilatlar olmamalıdır. Bu, demokratiya deyil, rəzalətdir. İnsanları mövqelərinə, inanclarına görə bölmək, ayrıseçkilik yaratmaq heç də yaxşı gələcək vəd etmir. Bunun sonu terrorla nəticələnə bilər. Almaniya hökuməti reallığı görməli və və bu cür şovinist siyasi təşkilatların yaranmasına, fəaliyyətlərinə son verməlidir”.