Hər kəs eşitsin və bilsin: Şəffaflıq, dövlətə və xalqa xidmət əsas prinsip olmalıdır

“Korrupsiya və rüşvətə bulaşan məmurlara qarşı ciddi mübarizə aparılır və hüququn aliliyi təmin edilir”



Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin və müavini Ramiz Tatarovun və Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun korrupsiyaya yol verdiklərinə görə saxlanılmaları ictimaiyyətdə geniş müzakirə olunmaqdadır. Münasibət bildirənlər bunu Azərbaycanda həyata keçirilən islahatların davamı kimi dəyərləndirirlər. Vurğulanır ki, bundan sonra korrupsiyaya yol verən məmurlara qarşı aparılan mübarizənin bu şəkildə həyata keçiriləcəyi qaçılmazdır.

Prezident İlham Əliyev təyin etdiyi yeni icra başçılarını qəbul edərkən də onlara korrupsiya hallarına yol verilməməsi ilə bağlı xüsusi xəbərdarlıq edir. Artıq dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymayanların taleyini görürük. Ölkə rəhbəri pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə də bu məqama toxundu. Prezident bildirdi ki, işdən çıxarılan icra başçıları kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyiblər: “O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq”.



“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, demokratik dövlətdə hər hansı cinayətkarın adekvat şəkildə cəzalandırılması adi hüquqi normadır. Onun sözlərinə görə, Prezidentin siyasətinin əsas məzmununu xalqımızın rifahının təmin edilməsi, bütün sosial-iqtisadi və hüquqi münasibətlərdə şəffaflığın təmin edilməsi təşkil edir:

“Hər kəs qanun qarşısında bərabərdir. Cinayət törədən şəxslərin hansısa vəzifəni tutması, yaxud hansısa sosial statusu daşıması əsla qanuni cəzanın tətbiq edilməsini məhdudlaşdırmır. Bir neçə vəzifəli şəxsin xüsusi əməliyyat nəticəsində həbs edilməsini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Təəssüf ki, bəzi hallarda hətta müəyyən vəzifəli şəxslər vətəndaşların rifahına yönəlmiş maddi vəsaiti mənimsəyir, yaxud rüşvət və korrupsiya hallarına yol verirlər. Bu, əsla qəbul edilə bilməz. Belə hallara qarşı daim ciddi mübarizə aparılır və hüququn aliliyi təmin edilir. Ona görə də Prezident İlham Əliyev bu məsələyə toxunarkən bildirdi ki, bu cür hallarda iş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin! Hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır. Bu fikirlər əslində bir daha bəzi neqativ hallara, qanunun aliliyinə xəyanət edənlərə ciddi xəbərdarlıqdır”.