Dünən Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri arasında üçtərəfli formatda 8-ci görüş keçirilib. Görüşdə nəqliyyat, enerji, rabitə və kommunikasiya sahələrində həyata keçiriləcək layihələr, eləcə də 2020-2022-ci illər üçün birgə fəaliyyət planı müzakirə olunub. Nazirlərin üçtərəfli görüşündən sonra bəyanat da imzalanıb.
Görüşdə yaxın zamanlarda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi ilə bağlı razılıq əldə edilib. Bununla bağlı üç ölkənin iş adamları ən qısa zamanda biznes əlaqələrinin genişləndirilməsi məqsədilə bir araya toplaşacaqlar.
Politoloq: “Üçlü ittifaqın ən önəmli həlqəsi Azərbaycandır”
Üçtərəfli görüşü “Şərq”ə dəyərləndirən politoloq Ceyhun Əhmədli bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlıq plaforması getdikcə önəmini artıran platformadır. Ekspertin sözlərinə görə, belə görüşlər təkcə adıçəkilən 3 ölkənin yox, bütövlükdə regionun təhlükəsizliyi və inkişafına mühüm töhfələr verir:
“Əhəmiyyəti nəzərə alınmaqla bu platformanı “geosiyasi üçbucaq” da adlandıra bilərik. Belə ki, tərəflərin bir-biri ilə iqtisadi zəmində getdikcə dərinləşən əməkdaşlığı regionun geosiyasi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Hər üç ölkənin iştirakı ilə son illər reallaşdırılan meqalayihələr bu fikrimizin əyani təsdiqidir. Təsəvvür edin, bu gün uğurla icrası davam etdirilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verir. Beləliklə, tərəflər təkcə iqtisadi mənfəət əldə etmir, eyni zamanda regionun enerji xəritəsini yenidən cızmaqla qlobal müstəvidə geosiyasi dividendlər qazanırlar. Təsadüfi deyil ki, Tbilisidə keçirilən sonuncu görüşdə əsas mövzular nəqliyyat və enerji sahəsində əməkdaşlığı genişləndirməkdən ibarət olub. Bu isə o anlama gəlir ki, mövcud dinamika artan xətlə inkişaf edəcək. Gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar açılacaq”.
Analitik vurğulayıb ki, üçlü ittifaqın ən önəmli həlqəsi Azərbaycandır:
“Regionda sabitliyin və tərəqqinin tərəfdarı olan ölkəmiz çoxtərəfli platformalardan istifadə edərək həm özünün karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün alternativ marşrutlar yaradır, həm gələcəkdə özünün tranzit ölkəyə çevrilməsi üçün münbit şərait formalaşdırır, həm də düşmən ölkə olan Ermənistanın regional təcridini daha da dərinləşdirir”.