Paşinyan təkamül yox, inqilabın üzüdür: Ölkənin operativ idarə edilməsində böhran yaşanır

Ermənistan cəmiyyətində və hakimiyyətində Rusiyaya, ölkənin gələcəyinə və indiki hökumət başçısının siyasətinə münasibətdə qeyri-müəyyənlik davam edir. Ölkənin baş naziri Nikol Paşinyan ötən il yarım ərzində iqtisadi sahədə heç bir uğur əldə edə bilməyib. Ermənistan vətəndaşlarına vəd olunan problemlər qalmaqdadır. 

Belə şəraitdə ya yeni inqilablar doğulur, ya da yeni seçkilər keçirilir. Ancaq 20 il əvvəl parlamentə edilən silahlı hücum Ermənistanda dəyişikliklərin dinc yolla həyata keçmədiyini deməyə əsas verir. Nikol Paşinyanın hökumət başına gətirilməsi isə islahat və təkamül yox, inqilab nəticəsində mümkün olub. 



Sədrəddin Soltan: “Paşinyana qarşı mütəşəkkil müxalifətin yaranacağı istisna edilmir”


Düşmən ölkədəki prosesləri “Şərq”ə analiz edən politoloq Sədrəddin Soltan deyib ki, əslində, mübarizə yalnız Koçaryan-Sarkisyan cütlüyü ilə Paşinyan arasında getmir. Onun sözlərinə görə, başqa siyasi təşkilatlar da hökumət başçısına qarşı çıxış edirlər: 

“Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan bildirib ki, 1,5 ildir hakimiyyət idarəetmənin əsas funksiyasını başa düşməyib. Onun sözlərinə görə, yüksək vəzifəli dövlət məmurları bunu bilmədiklərindən səhvlər edirlər: “Ölkənin operativ idarə edilməsində böhran var. Ermənistan respublikası, sadəcə olaraq, idarə edilmir”. Yeri gəlmişkən, Kazinyanın qeyd etdiyi məsələni əvvəllər Koçaryan da bildirib. Görünür, Koçaryanın müdafiə dairəsi daha genişdir. Onun Paşinyan hökumətinə qarşı irəli sürdüyü ittihamları siyasilər təbliğ edirlər. Bu günlərdə Robert Koçaryanın həbsdən çıxması tələbi ilə Rusiya və Ermənistandakı tanınmış erməni iş adamları, mədəniyyət xadimləri və ictimai xadimlər rəsmi İrəvana müraciət ediblər. Bu arada “Daşnaksütyun” da keçmiş prezidentin müdafiəsinə qalxıb. Onlar 60 min adamın Koçaryanın müdafiəsi ilə bağlı imza topladığını bildirib. “Daşnak”ların lideri Vardanyan deyib ki, sabiq ikinci prezidentin həbsinin 2008-ci ilin mart hadisələri ilə heç bir əlaqəsi yoxdur. O, bunun daha çox siyasi təzyiq olduğunu söyləyib: “Koçaryanın həbsdə saxlanılması dövlətə ziyan verir”. Ermənistanda “Vernatun” adlı ictimai-siyasi klub da Koçaryanın həbsdə saxlanılmasını konstitusiyaya zidd saydığını bildirib. Bu klubu Nikol Paşinyan hökuməti üçün ciddi müxalifət sayırlar”.

Analitikin fikrincə, yaxın zamanda Ermənistanda yeni həbs qalmaqalının yaşanacağı ehtimalı az deyil: 

“Fakt” qəzetinin yazdığına görə, hökumət müxalifətin dayanaqlılığından ehtiyatlanır. Hökumət daha çox hakimiyyətə Artur Vanesyanın yaratdığı “Vətən” fondu ictimai təşkilatının gələcəyindən, onun “Vernatan” və daşnaklarla birləşəcəyindən narahatdır. Ehtimal edilir ki, bu birlik perspektivdə Serj Sarkisyanı hakimiyyətə gətirməyə çalışacaq. Ola bilər ki, Paşinyan bu yolla Vanesyanı və “Vernatan”ı da tələyə salmaq istəyir. Çünki korrupsiyada ittiham olunan Sarkisyanın güdazına onlar da gedə bilər. Paşinyanın hüquq-mühafizə orqanları onları hakimiyyət çevrilişinə cəhddə ittiham edə bilər. Nəzərə almaq lazımdır ki, Milli Təhlükəsizlik Xidmətində bir çox sənədin məhv edilməsində Vanesyanın da adı hallanır”. 

S.Soltan vurğulayıb ki, Paşinyanın KİV-lə münasibəti də normal deyil: 

“Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan bildirib ki, Nikol Paşinyan bir vaxtlar KİV-ə nəzarəti mühakimə edirdi, ancaq indi özü belə edir. Onun sözlərinə görə, baş nazir başda olmaqla bütün vəzifəlilər jurnalistlərə dərs verməyə çalışır və barmaq silkələyirlər. O, belə halların artacağını istisna etməyib: “Keçmiş həmkarımız bir vaxtlar hakimiyyətin KİV-ə nəzarətinə qarşı çıxırdı. Öz hakimiyyəti dövründə eyni hadisə baş verir”. Ermənistandakı antirusiya ovqatı da davam edir. Hakimiyyətə yaxın KİV-lər Koçaryanın azadlığa buraxılması ilə bağlı Rusiyadakı tanınmış ermənilərə cavabda bu açıq şəkildə görünür. Məqalə müəllifi Ermənistanın müstəqil dövlət olduğunu, müraciət edənlərin Rusiya-Ermənistan tarixini bilmədiklərini yazıb. Yazıda Rusiyanın Ermənistana qarşı apardığı siyasət tənqid edilib. Beləliklə, Koçaryanın həbsi, Sarkisyanın həbsi üçün şəraitin yaradılması Ermənistanda Paşinyana qarşı mütəşəkkil müxalifətin yaranacağını istisna etmir. Müxtəlif siyasi xətlərin təmsilçisi olsalar da, onların indiki hakimiyyəti azından devirməyə cəhd göstərəcəkləri ehtimal olunur. Bu, Moskvanın Paşinyanı son yoxlaması, Sarkisyan və Koçaryanın revanşı, Vanesyanın özünü təsdiqi da sayıla bilər”.