“Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallığı erməniləri narahat edir”. Sherg.az-ın xəbərinə görə, bu barədə siyasi analitik Elçin Mirzəbəyli deyib. Ekspert bildirib ki, Ermənistan siyasətçiləri və politoloqları 2019-cu ildə Azərbaycanın beynəlxalq mövqelərinin xeyli gücləndiyini etiraf edirlər:
“Levon Ter-Petrosyanın prezidentliyi dönəmində Ermənistanın Milli Təhlükəsizlik naziri vəzifəsini daşıyan, hazırda isə Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri olan David Şahnazaryanın qənaətinə görə, hazırda danışıqlar prosesində Ermənistan onun üçün əlverişli olan gündəliyi və mövzuları əldən verib:
“Ermənistanın indiki hakimiyyəti mütəmadi olaraq Dağlıq Qarabağ “hakimiyyəti”nin danışıqlar prosesində iştirak etməsinin vacibliyi barədə məsələ qaldırırdılar. Bunu o qədər qeyri-peşəkarlıqla edirdilər ki, nəticədə yaranmış vəziyyət göz qabağındadır. Dağlıq Qarabağın Azərbaycanlı İcması legitimlik qazanır. ATƏT-in Minsk qrupunun təmsilçiləri də, beynəlxalq analitik mərkəzlər də artıq bu məsələni – Ermənistan üçün olduqca təhlükəli olan bu amili inkişaf etdirirlər. Nəticədə danışıqlar prosesinin əsasında dayanan məsələlərdən biri – öz müqəddəratını təyinetmə prinsipi kifayət qədər zəifləyib”.
Elçin Mirzəbəyli: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının son dövrlərdə nümayiş etdirdiyi fəallıq erməniləri daha çox narahat edir və bu amili özlərinə potensial təhlükə kimi görürlər”
E.Mirzəbərlinin sözlərinə görə, Şahnazaryan hesab edir ki, Azərbaycan beynəlxalq müstəvidə təcavüzün qurbanı olduğunu təqdim etməyi bacarır, amma Ermənistan hakimiyyəti isə bu barədə danışmır:
“İlk dəfədir ki, beynəlxalq ictimaiyyət və Azərbaycan eyni mövqedən çıxış edirlər, Ermənistan isə görünür fərqli mövqedə olduğu üçün təcrid olunmuş vəziyyətdədir”. Rusiya-Azərbaycan və Rusiya - Ermənistan münasibətlərinə toxunan siyasi analitik hesab edir ki, bu istiqamətdə də Ermənistanın xeyrinə olmayan böyük fərq nəzərə çarpır”.
E.Mirzəbəylinin sözlərinə görə, politoloq Qrant Melik-Şahnazaryan da David Şahnazaryanla eyni mövqeləri bölüşür:
“O, hesab edir ki, Azərbaycan son 2 il ərzində həm diplomatik, həm də hərbi müstəvidə mövqelərini möhkəmləndirib. Danışıqlar prosesində elə bir vəziyyət yaranıb ki, beynəlxalq ictimaiyyət və Azərbaycan eyni dildə danışırlar, Ermənistan isə görünür bu əməkdaşlıqdan kənarda qalıb. Qeyd edim ki, hər iki siyasi analitikin fikirlərində yer alan məqamlar Ermənistan cəmiyyətindəki narahatlıqları ifadə edir. Ermənilər müharibə təhlükəsi, Azərbaycanın hərbi və diplomatik müstəvidə güclənməsi ilə bağlı fikirləri bundan öncə də dilə gətirirdilər. Amma göründüyü kimi, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının son dövrlərdə nümayiş etdirdiyi fəallıq erməniləri daha çox narahat edir və bu amili özlərinə potensial təhlükə kimi görürlər. Məhz bu baxımdan, Dağlıq Qarabağın Azərbaycanlı icması üzərindən həyata keçirilən siyasət daha da aktivləşməli və ön plana keçirilməlidir. Bunun üçün isə icmaya xüsusi statusun verilməsinə ehtiyac var. İcma “ictimai birlik” statusundan çıxarılmalıdır. Bunun üçün müxtəlif mexanizmlər var. Onlardan biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid olan rayonlar üzrə konfransların, daha sonra isə vahid qurultayın keçirilməsi və İcmaya xüsusi statusun verilməsidir. Belə bir xüsusi statusun müəyyənləşdirilməsi ilə bağlı "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun qəbul oluna və bu qanuna icmanın xüsusi statusu ilə bağlı müvafiq müddəa daxil edilə bilər”.