Bir ilin yekunu: Gəncəliyev vəzifəsinin öhdəsindən laiqincə gəlir - ŞƏRH

“Tural Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri təyin edilməsini ilk təqdir edənlərdənəm”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Partiya rəsmisi bildirib ki, keçən ilin dekabr ayında bu təyinat baş verərkən Tural bəyi ilk təbrik edənlərin sırasında olub: 

“Rəsmi məktub göndərməsəm də sosial şəbəkə vasitəsilə öz fikirlərimi bildirmişəm. Həqiqətən də T.Gəncəliyevin diplomatiya keçmişi və son 15 ildə Xarici İşlər Nazirliyinin tərkibində uğurlu fəaliyyəti onun özündən əvvəlki icma rəhbərindən dəfələrlə üstün olduğunu sübut edir. Bir neçə xarici dil bilməsi və  diplomatik biliklərinə əlavə olaraq xarizmatik görünüşü müsbət amillərdir. T.Gəncəliyev vəzifəyə başlayanda bir sıra təkliflər irəli sürmüşdüm. Təklifimin ana xəttini Qarabağda yaşayan ermənilərə diqqət və qayğı göstərilməsi təşkil edirdi. Hətta televiziya məkanında erməni dilində proqramların açılması üçün çalışmaları sürdürməyi təklif etmişdim. T.Gəncəliyevin mövqeyinin bu istiqamətdə kökləndiyini görmək məni sevindirir”. 



Vasif  Əfəndiyev: “Gəncəliyevin Qarabağ ermənilərini öz vətəndaşımız kimi qəbul etməsi doğru seçimdir”


V.Əfəndiyev vurğulayıb ki, proseslərə ayıq başla baxmağı bacarmalıyıq: 

“Tural Gəncəliyevin Qarabağ ermənilərini öz vətəndaşımız kimi qəbul etməsi doğru seçimdir. Bu, əsl diplomatik gedişdir. Bundan sonra Qarabağda yaşayan ermənilərlə birgəyaşayış modelini işləyib hazırlamalıyıq. Əsas məqsədimiz isə azərbaycanlı qarabağlıların öz torpaqlarına dönüşünə nail olmaqdır”.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. İcma rəhbəri Tural Gəncəliyev 1 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında geniş məruzə ilə çıxış edib. T.Gəncəliyev qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq əlaqələr, analitik-informasiya sahəsini, ictimaiyyətlə və media qurumları ilə əlaqələri, sosial şəbəkələrdə fəaliyyəti, ölkədaxili tədbirlərdə iştirakı və digər bu kimi vacib məsələləri diqqətdə saxlayıb.