Əslində Soçi razılaşmasının müddəalarını Türkiyə deyil, Rusiya yerinə yetirmir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyəni İdliblə bağlı imzalanan Soçi razılaşmasının müddəalarını yerinə yetirməyə çağırıb. XİN rəsmisi vurğulayıb ki, İdlibdəki terror yuvasının sonsuza qədər varlığını davam etdirməsi qəbuledilməzdir:
“Bu səbəbdən Rusiya olaraq 17 sentyabr 2018-ci il tarixli Soçi razılaşmasından irəli gələn bütün öhdəliklərinin aktiv şəkildə icrasını tələb edirik”.
Kremlin Ankara hökumətinə ünvanladığı çağırışı “Şərq”ə analiz edən politoloq Əhəd Məmmədli deyib ki, İdlib axırıncı ərəb bölgəsidir və hələlik Bəşər Əsədin nəzarətində deyil. Siyasi şərhçinin sözlərinə görə, Əsəd rejimi bütün ərəb bölgələrini tam ələ keçirməyə çalışır:
“Əgər Ankara İdlibi tərk edərsə, rus qoşunu və Əsəd dərhal oranı tutacaq”
“Məhz bu səbəbdən Rusiya Türkiyə ordusunun sözügedən bölgədən çıxmasında maraqlıdır. Əgər qardaş ölkə İdlibi tərk edərsə, rus qoşunu və Əsəd dərhal oranı tutacaq. Türkiyənin buna imkan verməməsi isə İdlibdə əksəriyyətin sünni müsəlman olması ilə bağlıdır. Ona görə də Ankara hökuməti üçün bölgə çox prinsipial məsələdir. Hələbin taleyini İdlib də yaşaya bilər. Hələlik Türkiyə buna qarşı çıxır. Əslində Soçi razılaşmasının müddəalarını Türkiyə deyil, Rusiya yerinə yetirmir. İdlib daim bombalanır, şəhər boşalır, uşaqlar, qadınlar öldürülür. Minlərlə insan Türkiyə sərhəddinə toplaşıb. Yaxşı olar ki, Mariya Zaxarova öncə Rusiyanın öhdəliklərindən danışsın və dinc insanların qətlinə əngəl olsunlar. Ankaranın siyasətindən narahat olmağa dəyməz, çünki Türkiyə öhdəliklərini yaxşı bilir və vaxtında yerinə yetirir”.