Gürcüstan-Azərbaycan əlaqələri inkişaf edir - AKTUAL

“Hər iki ölkəni biri-birinə yaxınlaşdıran əsas amil qarşılıqlı maraqlardır”




Gürcüstan 2020-ci ildə istehlak edəcəyi qazın 92,7 faizini Azərbaycandan alacaq. “Business Georgia”nın yazdığına görə, Gürcüstanın İqtisadiyyat və inkişaf naziri Natiya Turnava bildirib ki, hökumət gələn il üçün qaz tədarük planını təsdiqləyib. Nazir bildirib ki, 2020-ci ildə ölkə üzrə 2,57 milyard kubmetr qaz istehlak olunacağı proqnozlaşdırılır. Bunun 2,39 milyard kubmetri, yəni 92,7 faizi Azərbaycandan alınacaq. 

Eyni zamanda, Azərbaycan alınacaq qazın 1,51 milyard kubmetri SOCAR-dan, 873,8 milyon kubmetri isə “Şahdəniz” yatağından alınacaq. Məlumat üçün bildirək ki, Gürcüstan istehlak olunacaq qazın sadəcə 6,6 faizini Rusiyadan alacaq. Göründüyü kimi, gürcü nazirlər hər fürsətdə Azərbaycanın önəmini vurğulayırlar. Həqiqətən də, Azərbaycan qonşu Gürcüstanın iqtisadi həyatında müstəsna rol oynayır. Ekspertlərə görə, Gürcüstan da indiki şəraitdə Azərbaycan üçün ən əlverişli və önəmli partnyordur. 

“Azərbaycan Gürcüstana ucuz enerji satır və bunun müqabilində neft-qazını qonşu ölkə üzərindən Avropa bazarına çıxarır” 


İki qonşu ölkənin əməkdaşlığını “Şərq”ə dəyərləndirən politoloq Turan Rzayev deyib ki, Azərbaycan və Gürcüstanın münasibətlər tarixi keçmişə malikdir.

Analitikin sözlərinə görə, xüsusən müstəqilliyin ilk illərindən sonra iqtisadi sosial-siyasi, hərbi, mədəni əlaqələr inkişaf etməkdədir: “Azərbaycan üçün Gürcüstan Avropaya açılan qapı kimidir. Azərbaycan regiondakı bütün layihələrində qonşu Gürcüstanla yaxın münasibətlər qurur. Qarşılıqlı maraqlar çərcivəsində inkişaf edən bu əlaqələr son zamanlar daha da genişlənib. Bakı-Tibilisi-Qars, Bakı-Tbilisi-Ceyhan kimi enerji və trans-ticari layihələr iki ölkənin bir-birinə ehtiyacı olduğunu göstərir. Azərbaycan Mərkəzi Asiya və Qafqazın enerji resurslarının Avropa bazarlarına çıxmasında həm təşkilati, həm də layihələrin icraçısı kimi çıxış edir. Gürcüstan isə istər Qara Qəniz, istərsə də Anadoluya qədər olan tranzit rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yeni nəsil boyük ipək yolunun ən önəmli hissəsidir. Gürcüstanın Azərbaycandan ucuz qiymətə qaz və neft alması reallıqdır. Ancaq Gürcüstan və Azərbaycan arasında möhtaclıq münasibətinin olduğunu güman etmirəm. Əksinə, hər iki ölkəni bir-birinə yaxınlaşdıran əsas amil qarşılıqlı maraqlardır. Azərbaycan Gürcüstana ucuz enerji satır və bunun müqabilində neft-qazını qonşu ölkə üzərindən Avropa bazarına çıxarır”.