Separatçıların xain planı: Girovların ailəsinə göndərilən “dəvət” tələdir

“Girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin onlarla görüşə gedəcəyi inandırıcı görünmür”.

Bunu Sherg.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib.

Hüquq müdafiəçisi bildirib ki, separatçıların məqsədi də odur ki, azərbaycanlıların Dağlıq Qarabağa gedişinə nail olaraq qondarma rejimin tanınması istiqamətində iş aparsın: 



Əhməd Şahidov: “Bu addım Azərbaycanın milli maraqlarına cavab vermir”


“Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin və ATƏT-in Minsk Qrupunun və digər qurumların vasitəsi və təşkilatçılığı ilə müəyyən ünsiyyətlər baş tuta bilər. Ancaq inanmıram ki, girovların ailə üzvlərinin Qarabağa səfəri baş tutsun. Düzdür, girovların ailə üzvlərini başa düşmək lazımdır. Onların ən böyük istəyi öz yaxınlarını görmək, hansı vəziyyətdə olduqlarını bilməkdir. Məncə, bu ideya separatçı rejimin bir tələsidir. Girovların ailə üzvlərinin işğal altında olan ərazilərə “dəvət” edilməsi qondarma rejimin legitimləşdirilməsinə xidmət edir. Bu addım Azərbaycanın milli maraqlarına cavab vermir”.