"Pis oldu. DSK namizədliyimi qeydə almadı". Sherg.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist, növbədənkənar parlament seçkisinə namizədliyini irəli sürən Ceyhun Musaoğlu deyib. C.Musaoğlu statusunda bunun səbəblərini açıqlayıb:
"İmza verənlərin qeyd etdiyi tarixdə rəqəmlər qaralanıb, sənəddə gəlirlərimi göstərməmişəm. Gəlirim layihə çərçivəsində bir il ərzində 4 ay müddətinə hər ay aldığım 270 manat olub. Dedim, verin əlavə edim, axı məqsədim gəliri gizlətmək deyil və seçkiyə də işsiz kimi qatılmışam. Cəmi 10 imza vərəqi vermişdilər. Halbuki, MSK sədri Məzahir Pənahov daha çox imza vərəqi verilməsini tövsiyə edib. Dedim, əlavə imza vərəqi verin, vaxta var, qaralama olanları düzəldim. İnsanlar namizədliyinə dizlərində imza atıblar, qaralama necə, niyə olmasın ki? Qaralama da çox səliqəliydi.
Çox dedim, az eşitdilər. İmza atanın qoyduğu tarixin qaralanmasını böyük qəbahət kimi qələmə verdilər. İnsan seçilməyi ilə deyil, seçimi ilə tanınar. Mən ali düçüncəni, demokratik ölkəni, özünü buraxmayanları seçirəm. Onu da deyim, ürəyimdə qalmasın: mən niyyətim və əməlimlə həmişə abşeronluların deputatı-vəkili olmuşam. 2020-dən gözlədiyim: elə bir ölkə quraq ki, deputat mərhəmətinə ehtiyacımız olmasın".
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.