Region çalxalanır: ABŞ-İran müharibəsi qaçılmaz görünür - ŞƏRH

İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri, azərbaycanlı general Qasım Süleymani öldürülüb. Əmr Pentaqon, daha doğrusu birbaşa ABŞ prezidenti Donald Tramp tərəfindən verilib. General Bağdad hava limanının raketlərlə atəşə tutulması nəticəsində qətlə yetirilib. İranın ali dini rəhbəri Seyid Əli Xameneyi generalın qisasını ABŞ-dan alacaqlarını deyib. 

Ekspertlərə görə, İranın xarici siyasətinin əsas fiquru, düşünən beyni, xarici əməliyyatların əsas kuratoru, SEPAH-ın Qüds komandanı - Qasım Süleymanin məhvi regionda gərginliyi daha da artıracaq. 



Əziz Əlibəyli: “Süleymanini öldürülməsi İraqda və Suriyada İranın qolunun qırılması deməkdir”


Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, general Qasım Süleymanini öldürülməsi İraqda və Suriyada İranın qolunun qırılması deməkdir: 

"İiki gün əvvəl "Hasdi - Sabi" qüvvələri İraqdakı ABŞ səfirliyinə basqın edib, yandırdılar. Diplomatlar son anda köçürüldü. Bu sadəcə açıq şəkildə İran - ABŞ müharibəsinin başlanması deməkdir".



Kamran Sultanlı: “Bu addım Trampın reytinqinə yüksək təsir edəcək”


Analitik Kamran Sultanlı da vurğulayıb ki, Qasım Süleymani İranın əsas beyni idi. O həm də İranın “Şiə hilalı” lahiyəsinin əsas kuratoru idi: 

"Süleymani İraqda "Haşdi-Şabi", Suriyada Hizbullahın əməliyyatlarına İrana bağlı şiə milislərinin təşkil edilməsinə nəzarət edirdi. Vaxtilə Əfqanıstanda Talibana qarşı ABŞ-la əməkdaşlıq etmişdi. Süleymani İraqda İran təsirinin artmasında böyük rol oynayırdı. "Zülfüqar" ordeni ilə təltif edilən yeganə hərbiçi idi. Ancaq Trampın ötən il SEPAH-ı terror təşkilatı elan etməsi artıq İran-ABŞ gərginliyini artıracaq faktor idi. Üstəlik bu həm də SEPAH-ın əsas beyni olan Süleymaninin də hədəf olması anlamına gəlirdi. Böyük ehtimal bu dəfə də, İraqda hansısa əməliyyatı planlayıb və qarşısı alınıb. İran da ABŞ-ın Mərkəzi Komandanlığı olan CENTCOM-u terror təşkilatı kimi tanıyıb. Belə olan halda şiə gücləri və İrana bağlı qüvvələr bölgədə olan Amerika qüvvələrinə hücum edə bilər. Regionda gərginlik artar. Xüsusilə İraqda stabillik lap pis pozula bilər. Bu addım Trampın reytinqinə yüksək təsir edəcək. Çünki Süleymani İran üçün olduqda  önəmli fiqur idi".