Azər Həsrət:" ...Güclü namizədlə yarışmaq iddiasındadırsa, gəlsin 55 saylı Xaçmaz seçki dairəsindən namizəd olsun"
55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyini irəli sürən tanınmış jurnalist, siyasi ekspert Azər Həsrət ReAL partiyasının sədri İlqar Məmmədovu seçki "dueli"nə dəvət edib.
Sherg.az-ın xəbərinə görə, Azər Həsrət Feysbuk profilində partiya rəhbəri İlqar Məmmədova çağırış edib:
"İlqar Məmmədov nəyə əsaslanıb özünə bu qədər güvənir, inanır? Əgər o doğrudanda seçkidə qarşısına güclü namizəd çıxmasını istəyirsə, şərtləri özü müəyyənləşdirməli idi. Məsələn, mən 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyimi irəli sürərkən heç bir araşdırma aparmamışam. YAP-ın namizədi ilə maraqlanmamışam. Çünki özümə güvənirəm. Əgər İ.Məmmədov da özünə güvənirsə, güclü namizədlə yarışmaq iddiasındadırsa, gəlsin 55 saylı Xaçmaz seçki dairəsindən namizəd olsun. O iddia edir ki, ölkənin harasından, kiminlə istəsə rəqabətə girə bilər. O zaman gəlsin, Azər Həsrət kimi heç bir partiyanın üzvü olmayan bitərəf namizədə qarşı yarışsın və qalib gəlsin. Qalib olarsa, onun əlini sıxmağa hazıram. Əgər özünü iddia etdiyi qədər güclü namizəd, siyasi lider hesab edirsə, çağırışımı eşitsin. Hələ vaxt var, çatdırıb imza da toplaya bilərsiniz".