Ermənistanın Rusiya tərəfindən ilhaq edilən Krımla qarşılıqlı avia-reyslər təşkil etməsinə beynəlxalq ictimaiyyət sərt təpki verəcək
“Çünki dünya dövlətləri Ukraynanın ərazi bütövlüyünü tanıyır”
Ermənistan dünya dövlətləri arasında ilk dəfə Rusiya tərəfindən ilhaq edilən Krımla qarşılıqlı avia-reyslər təşkil edəcək. İrəvan-Simferopol uçuşları bu ilin mart ayından başlayacaq. Uçuşları həyata keçirəcək “İkar” şirkəti artıq bununla bağlı icazə alıb. Hazırda tərəflər arasında uçuş cədvəlinin uyğunlaşdırılması, həmçinin aeroportların razılaşdırılması prosesi həyata keçirilir. Krım parlamentinin Turizm, İdman və Kurort Komitəsinin sədri Aleksey Çernyak bu aviamarşrutun Krımın anneksiyasından sonra gerçəkləşdirilən ilk beynəlxalq reys olduğunu söyləyib. Təcavüzkar Ermənistanın separatçı rejimlərlə əlaqə qurmaqda həvəsli olması məlumdur.
Ümumiyyətlə, İrəvanın beynəlxalq prinsiplərə əməl etməməsi dəfələrlə sübut olunub. Ancaq hesab edilir ki, düşmənin təxribatçı hərəkəti rəsmi Kiyevlə münasibətləri xeyli gərginləşdirəcək. Hətta Paşinyan hökumətinin bu addımından sonra Kiyev Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha aktiv mövqe sərgiləyə bilər.
İrəvanın təxribatçı addımını “Şərq”ə şərh edən politoloq Ceyhun Əhmədli deyib ki, belə bir cəhd Ermənistanın Ukrayna ilə münasibətlərini korlaya bilər. Analitik xatırladıb ki, Ukraynanın ərazi bütövlüyü dünya dövlətləri tərəfindən də tanınır:
“Ermənistan dövləti bu mənfur addımı ilə həm də beynəlxalq ictimaiyyətin sərt təpkisini ala bilər. Ukrayna və Azərbaycan çox vacib strateji partnyorlardır. Bu yaxınlarda Prezident Vladimir Zelenskinin Bakıya etdiyi səfərin detalları da bu dediyimizi təsdiq edir. Tərəflər arasında olduqca geniş sahələri əhatə edən əməkdaşlıq perspektivləri müzakirə olundu. Hər şeydən əvvəl, Zelenskinin postsovet məkanında ilk olaraq Azərbaycana səfər etməsi Ukraynanın ölkəmizə olan etimadının göstəricisi idi. Bakıda Ukrayna və Azərbaycan rəhbərliyinin işğala qarşı bəyanatları, xüsusən Zelenskinin Azərbaycanın ərazi bütövlüyünə tam dəstək ifadə etməsi, düşünürəm ki, Ermənistana ötürülmüş vacib mesaj idi”.
C.Əhmədlinin sözlərinə görə, hər iki dövlətin separatizm təhdidindən əziyyət çəkməsi ümumi dəyər və maraqlar paradiqmasının zəruriliyini ortaya çıxarır:
“Bu da Ukrayna və Azərbaycanı beynəlxalq müstəvidə siyasi həmrəyliyə sövq edir. Münaqişənin bundan sonrakı tənzimləmə prosesində Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının müsbət töhfələrini görə bilərik. Ən azından Ermənistan tərəfi beynəlxalq platformalarda Qarabağla bağlı bizim maraqlarımıza zidd qətnamə və ya sənədin qəbul edilməsinə cəhd göstərsə, Ukrayna rəsmilərinin mənfi reaksiyası ilə qarşılaşacaq. Bu isə o anlama gəlir ki, məhz Dağlıq Qarabağ münaqişəsinə görə regional blokada şəraitində yaşayan Ermənistan beynəlxalq müstəvidə də Azərbaycanın hücum diplomatiyasına məruz qalmaqla mövqelərini əhəmiyyətli dərəcədə itirmiş olacaq”.