Paşinyanın ikibaşlı siyasəti: Bu strategiyanın ömrü uzun olmur

 “İrəvan hökuməti həm Rusiyanı, həm də ABŞ və digər Qərb ölkələrini özlərinin “strateji müttəfiqi” hesab edir”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, Nikol Paşinyan özündən əvvəlki siyasi rəhbərlərdən fərqli siyasət yürüdür: 

“Məsələ ondadır ki, ikibaşlı siyasətin ömrü uzun olmur. Ermənistan bir tərəfdən ölkə iqtisadiyyatını ayaqda tutan İranla yaxın əməkdaşlıq içərisində olduğunu söyləyir, digər tərəfdən isə İranın yüksək rütbəli şəxsinin öldürülməsinə görə, Amerikaya təbrik mesajı yollayır. Əslində Paşinyanın ikili və riyakar siyasəti erməni millətinin xüsusiyyətləri ilə eynilik təşkil edir. Tarixən, ermənilər dövrün bütün siyasi güclərinə eyni formada müraciət ünvanlayaraq, oxşar məzmunlu məktublar yazaraq “erməni dövləti”nin yaradılmasının vacibliyini isbat etməyə çalışıblar. 



Politoloq: “Ermənilər üçün etibarlı tərəfdaş, yaxın müttəfiq, dost münasibət anlayışları yoxdur”


Ermənilər üçün etibarlı tərəfdaş, yaxın müttəfiq, dost münasibət anlayışları yoxdur. Hazırki Ermənistan dövləti “balanslaşdırılmış” siyasət adı altında məhz həmin tarixi missiyanın davamını icra edir. Ümid edirik, həm Qərb ölkələri, həm də Rusiya ermənilərin çirkin məqsədini görəcək və nəhayət Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı tərəfə təzyiq göstərəcəklər. Biz dünya güclərindən seçim etmələrini gözləyirik. İkibaşlı siyasət yeridən Paşinyan hökuməti layiqli cəzasını almalıdır”. 

Qeyd edək ki, Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin üzvü Arman Abovyan Paşinyan hökumətinin siyasəti ilə bağlı tənqidi fikirlər səsləndirib. Deputat vurğulayıb ki, əgər əvvələr Ermənistan hakimiyyəti ABŞ ilə Rusiya arasında ikili siyasət apara bilirdisə, İran mövzusundan sonra belə davam etmək mümkün olmayacaq: “Ermənistan sərhəddinə İrandan 1 milyon qaçqın gəlsə, dövlətimiz çökər. Görəsən, bu barədə hakimiyyət düşünürmü? Biz artıq “bu budaqdan o budağa hoppanmaq” siyasəti ilə davam edə bilmərik. Artıq bir yol seçməliyik. Əks təqdirdə vəziyyət faciəvi həddə gəlib çıxa bilər”.