“Bu iki qardaş türk dövlətinin dostluğuna, əməkdaşlığına, müttəfiqliyinə həmişəkindən daha çox ehtiyac var”
“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə hazırki rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin ən həssas və önəmli mərhələsinə təsadüf edir”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri birmənalı olaraq bildirib ki, Azərbaycanın Türkmənistanla münasibətlərində heç bir problemli məsələ yoxdur:
“Həm dövlət başçıları arasında təkbətək görüşdə səsləndirilən fikirləri, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən ümumi hissəni izlədim. Azərbaycanla Türkmənistan arasında imzalanan müxtəlif sahələr üzrə əməkdaşlıq sənədlərinə nəzər yetirdim. İqtisadi əməkdaşlığımız kifayət qədər yüksək səviyyədədir və bundan sonrakı əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün geniş imkanlar açılır. Prezident İlham Əliyev həmkarı Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşündə bildirdi ki, bu səfər siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqun davamıdır: “Bu gün dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda – Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik”. Prezidentin bu fikirlərində Azərbaycanla Türkmənistanın birgə əməkdaşlığının gələcəkdə bölgə üçün olduqca mühüm əhəmiyyət kəsb edəcəyinə işarələr var”.
Əlisahib Hüseynov :“Ökələrimiz arasındalı sıx əməkdaşlıq yaxın gələcəkdə Azərbaycanın strateji hədəflərinin həyata keçməsinə ciddi töhfələr verəcək”
Analitikə görə, Azərbaycan bu əməkdaşlığa böyük önəm verir və Türkmənistanı da daim öz yanında görmək istəyir:
“Bu iki qardaş türk dövlətinin dostluğuna, əməkdaşlığına, müttəfiqliyinə həmişəkindən daha çox ehtiyac var. Əlbəttə, Türkmənistanla Azərbaycanın yaxınlaşmasında, onların mühüm beynəlxalq layihələrə birlikdə imza atmalarında maraqlı olmayan geopolitik güclər də mövcuddur. Ancaq hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və prinsipial mövqeyi Azərbaycan və Türkmənistanın Xəzər, Mərkəzi Asiya və Qafqaz regionundakı siyasi-iqtisadi proseslərdə əsas söz sahiblərindən, fəal aktorlardan biri olacaqlarına imkan verir. Bu mənada, mən ölkələrimiz arasında sıx əməkdaşlığın yaxın gələcəkdə Azərbaycanın strateji hədəflərinin həyata keçməsinə ciddi töhfələr verəcəyini düşünürəm”.
Qeyd edək ki, bugün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovla həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirib. Tərəflər arasında mühüm sənədlər də imzalanıb.