“Əsas məqsəd ölkə vətəndaşlarının rifah halının və sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır”
“Cənab Prezidentin Milli Məclisin açılışında söylədiyi nitq fundamental çıxış idi”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.
Deputatın sözlərinə görə, ölkə rəhbərinin çıxışının konseptual xarakteri özünü aydın göstərirdi:
“Dövlət başçısı bir sıra önəmli məsələlərə toxunmaqla gələcəkdə işlərin müvafiq istiqamətdə qurulması ilə bağlı özünün konseptual baxışlarını ortaya qoydu. Bu baxış parlamentin işinin səmərəli olmasını təmin edəcək. Prezident hər şeydən öncə millət vəkillərinə öz tövsiyyələrini verdi və vurğuladı ki, ilk növbədə seçicilərlə sıx təmas qurulmalıdır. Eyni zamanda insanların problemləri ilə maraqlanmaq və onların həlli istiqamətində ciddi fəaliyyət göstərmək lazımdır. Prezidentin tapşırıqları parlamentə yeni seçilmiş deputatların fəaliyyətinin səmərəliliyinin təmin olunmasında çox təsirli amil olacaq”.
Millət vəkilinin sözlərinə görə, vacib məsələlərdən biri də odur ki, yeni parlament ölkə Prezidentinin başlatdığı çoxistiqamətli islahatların daha təsirli olmasına öz töhfəsini verəcək:
“Hesab edirəm ki, ölkə başçısının əsas gözləntisi ondan ibarətdir ki, yeni parlament islahatlarda yaxından iştirak etsin. Burada məqsəd ölkə vətəndaşlarının rifah halının və sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Fikrimcə, yeni parlament Prezidentin islahatlar kursuna tam uyğunluq nümayiş etdirəcək”.