“Türkmənistan geosiyasi reallıqları nəzərə alaraq Azərbaycanla birgə enerji və nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlayır”
“Türkmənistan yalnız Azərbaycan vasitəsi ilə Qərbə uğurlu çıxış yolu əldə edə bilər. Bununla ən verişli marşrutla öz enerji daşıyıcılarından mənfəət əldə etmək imkanı qazanar”
“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri iki dövlət arasında yeni strateji əməkdaşlıq mərhələsinin başlanmasına gətirəcək”.
Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib.
Siyasi şərhçinin fikrincə, bu səfər Xəzər dənizinin hüquqi statusunun təkmilləşdirilməsi istiqamətində mühüm rol oynayacaq:
“Həmçinin, tərəflərin bundan sonra mübahisəli məsələləri üçüncü ölkələrin müdaxiləsi olmadan birgə həll etməsinə gətirəcək. Çünki, İran tərəfi daima Xəzər məsələsində Aşqabadın mövqeyinə ciddi təsir edərək indiyə qədər Azərbaycanla ortaq məxrəcə gəlməsinə imkan verməyib. Prezident İlham Əliyevin həmkarı Q.Berdiməhəmmədovla danışıqları Aşqabadın Azərbaycanın artan əhəmiyyətini və bunun Türkmənistan üçün müsbət məqamlarını nəzərə almasına gətirib çıxardı. Türkmənistan yalnız Azərbaycan vasitəsi ilə Qərbə uğurlu çıxış yolu əldə edə bilər. Bununla ən verişli marşrutla öz enerji daşıyıcılarından mənfəət əldə etmək imkanı qazanar. Göründüyü kimi, Türkmənistan geosiyasi reallıqları nəzərə alaraq Azərbaycanla birgə enerji və nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlayır”.
Ekspertə görə, Aşqabadla Bakı arasında əməkdaşlıq Xəzər dənizində Kəpəz (Sərdar) yatağı üzrə mübahisələrə son qoya, yatağın birgə işlədilməsi istiqamətində ölkəmizin təklifinin qəbul olunmasına gətirib çıxara bilər:
“Türkmənistan Xəzər dənizində mübahisə predmetlərinə son qoymağı düşünür. Çünki irəli sürdüyü iddialar öz əleyhinə işləyir. Əgər, rəsmi Aşqabad mübahisələrə son verərsə, Azərbaycan-Türkmənistan siyasi əlaqələri ciddi inkişaf edəcək. Eyni zamanda Lapis-Lazuli nəqliyyat dəhlizi vasitəsilə Avropa ilə Cənubi-Şərqi Asiyaya ölkələri arasında yükdaşımalar artacaq. Türkmənistan prezidentinin Azərbaycana səfəri və aparılan müzakirələr, imzalanan sənədlər bir çox məsələləri həll edilə bilər”.