Paşinyan ermənilərin “gözünə kül üfürür” – Deqradasiya 

İlqar Vəlizadə:“Erməni xalqı baş nazirə deyə bilər ki, yaxşı, köhnə hökumətlər hərbi sahəni inkişaf etdirə bilməyib, bəs bu zamandək sən nə etmisən, vəziyyəti dəyişə bilmisənmi?"




“Ermənistan Azərbaycanla hərbi rəqabətdə çoxdan uduzub. Bu vəziyyət gələcəkdə də dəyişilməyəcək”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 
Siyasi şərhçi bildirib ki, Ermənistanın xaricdən aldığı hərbi texnikanın ucuz və keyfiyyətsiz olduğu dəfələrlə gündəmə gətirilib: 

“Əslində İrəvanın hərbi sahə üçün ayırdığı 42 milyon dollara fərli silah-sursat almaq mümkün deyil. Əlbəttə, Paşinyanın sözlərində siyasi məqsədlər var. Amma bu cür açıqlamalar verməklə baş nazir erməni ictimaiyyətinin gözünü aça bilər. Paşinyan keçmiş rəhbərliyi ittiham edir ki, o vaxt Ermənistan Rusiyadan ikinci dərəcəli hərbi texnika alıb. Yaxşı, bəs indi nə dəyişib? Ermənistanda müsbətə doğru addım atılıbmı? Təbii ki, heç nə dəyişməyib. Düşmən ölkənin maliyyəsi nəinki artıb, əksinə bir qədər də azalıb. Rusiya ilə münasibətlər də o dərəcəyə çatmayıb ki, Moskva Ermənistana təmannasız yüksək keyfiyyətli hərbi texnika versin”. 



Analitikə görə, Paşinyan bütün günahı və çatışmazlığı Sarkisyanın üzərinə atmağa çalışır: 

“Lakin bu cür yanaşmanın erməni cəmiyyətində əks reaksiya doğuracağının fərqində deyil. Erməni xalqı baş nazirə deyə bilər ki, yaxşı, köhnə hökumətlər hərbi sahəni inkişaf etdirə bilməyib, bəs bu zamandək sən nə etmisən, vəziyyəti dəyişə bilmisənmi?. Paşinyan bu açıqlaması ilə əslində Ermənistanın nə qədər aciz durumda olduğunu göstərdi. Bir daha aydın olur ki, düşmən ölkə hərbi müstəvidə qətiyyən bizimlə müqayisə edilə bilməz. İrəvanın hərbi planlarla bağlı bəyanatları isə “gözə kül üfürmək”dən başqa bir şey deyil”. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi fikirlər İrəvanda birmənalı qarşılanmayıb. Paşinyan Ermənistanın əldə etdiyi 42 milyon dollarlıq hərbi texnikanı heç nəyə yaramayam metal qırıntısı adlandırıb: “Keçmiş prezident Serj Sərkisyan hakimiyyəti zamanı 42 milyon dollarlıq hərbi texnika sifariş edib. Silahlar Ermənistana 2016-cı ildə gətirilib. Əslində isə bu hərbi texnika və silahlar heç nəyə yaramayan metal qırıntısıdır”. Paşinyanın çıxışından sonra Ermənistan mətbuatı onu sərt tənqib edib: “Hökumət başçısının bu tip açıqlamaları Ermənistanın təhlükəsizlik məsələlərinə tam olaraq ziddir. Siyasi maraqları naminə Paşinyan hətta hərbi təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır”.