“İşğalçı ölkə olan Ermənistanın Xarici İşlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar?”
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı fikirlərinə münasibətini şərh edərkən bildirib.
O qeyd edib ki, müasir dünya düzəni II Dünya müharibəsindən sonra formalaşıb və onun əsasları 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərində öz əksini tapıb.
XİN-in rəsmisi deyib ki, bütün bu fundamental sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də xalqların öz müqəddəratını müəyyən etməsi prinsiplərinə aydınlıq gətirilir:
“Azərbaycan kimi, Ermənistan da bu sənədlərin tamhüquqlu iştirakçısıdır və onlara birmənalı şəkildə riayət etmək öhdəliyini öz üzərinə götürüb. Bir daha xatırladırıq ki, iştirakçı ölkələr digər ölkələrin ərazilərinin toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı güc istifadə etməkdən çəkinməlidirlər.
Həmçinin, Helsinki Yekun Aktında əksini tapıb, Paris Xartiyasında bir daha təsdiq olunduğu kimi, öz müqəddəratını müəyyənetmə prinsipinə gəldikdə, iştirakçı ölkələr BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hərəkət etməlidirlər.
Ermənistanla Azərbaycan arasındakı münaqişə halında məhz Ermənistan Respublikası yuxarıda qeyd etdiyimiz öhdəliklərini pozaraq, qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq səviyyədə tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar?
Bir ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyidir. Qarabağın əhalisinin üçdə birinin öz daimi yaşayış yerlərindən didərgin salındığı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq imkanından və öz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum olunduqları bir vaxtda nə Qarabağ əhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz.
Aprelin 21-də Rusiya Federasyasının Xarici İşlər naziri Serqey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi məlum şərhinə gəldikdə isə, bu yanaşmanın ATƏT-in Minsk Qrupunun bütün həmsədrləri tərəfindən nümayiş etdirildiyini təsdiq edə bilərəm. Bu mövqe onların özləri tərəfindən münaqişənin tənzimlənməsi prosesinin bütün mərhələlərində və bütün səviyyələrində dəfələrlə və ardıcıl olaraq səsləndirilib.
Yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Ermənistan bunu nə qədər tez dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti yanıltmaq səylərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar”.