“İlham Əliyev hər bir sosial təbəqədən olan vətəndaşın prezidentidir”
“Görülən bütün tədbirlər ölkə başçımızın “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrinin aydın təzahür formasıdır”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Siyasi şərhçi vurğulayıb ki, cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı çox ciddi addımlar atılır:
“Hər cür sosial təminat qısa zamanda reallaşdırılır ki, əhali pandemiyanın təsirlərindən əziyyət çəkməsin. Bu baxımdan da koronavirus infeksiyasının zərərlərinin minimallaşdırılması istiqamətində atılan bütün addımlar həm xalqımızın, həm də dövlətimizin maraqlarına uyğun addımlardır. “COVID-19” infeksiyasının geniş vüsət almasına baxmayaraq hal-hazırda ölkə vətəndaşlarının sosial təminatinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində genişmiqyaslı tədbirlər planı həyata keçirilir, bu istiqamətə dəstək məqsədilə fəal siyasət aparılır. Cənab Prezidentin uğurlu sosial siyasəti nəticəsində bu günə qədər 80 min ailə, 300 mindən artıq fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Tədbirlər planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Bundan əlavə əmək müqaviləsi sayında azalma deyil, əksinə artım baş verib ki, təkcə aprel ayı üzrə 55 min artım, yanvar-aprel ayları üzrə isə 77 min artım qeydə alınıb. Bu çətin dövrdə də cənab Prezidentin xüsusi nəzarəti altında sosial ödənişlərin davamlılığı təmin edilib. Mindən çox şəxs stasionar şəraitdə sosial xidmətlə təmin olunub”.
Ş.Həsənova vurğulayıb ki, bundan əlavə, cənab Prezidentin insanların sosial müdafiəsini gücləndirmək üçün 200 min əvəzinə 600 min insana iki ay ərzində 190 manat vəsait verməsi ilə bağlı qərarı nəinki ölkə başçımızın uğurlu sosial siyasətinin, xüsusilə onun yüksək humanist keyfiyyətinin ən aydın ifadə formasıdır:
“Bu baxımdan tam əminliklə deyə bilirik ki, İlham Əliyev hər bir sosial təbəqədən olan vətəndaşın prezidentidir. Bu gün 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi istiqamətində əsaslı işlər görülür. 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir ki, bu da hər il 250 ailəni əhatə edir. BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək göstərilir. “Nə lazımdır edecəyik” deyən ölkə başçımız bu vədinə əməlində də sadiq qaldı. 3.5 milyard manatı ötəcək iqtisadi paket elə bunun əyani sübutudur. Bu eyni zamanda cənab Prezidentin məsələyə nə qədər həssas yanaşdığını bir daha göstərmiş oldu. Ölkə başçımızın düşünülmüş sosial siyasəti nəticəsində Azərbaycan MDB məkanında ilk sıralarda yer alır, hətta bir çox Avropa ölkələrini belə qabaqlayır. Dövlətin bütün maliyyə resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına səfərbər olunub. İki amil arasında seçim edərkən “iqtisadi fəallıq ya insanların sağlamlığı vacibdir” məsələsində cənab Prezidentin düşünmədən insanların sağlamlığını seçməsi, bu məsələni prioritet tutması əslində ölkə başçımızın insan amilinə verdiyi ən yüksək dəyərdir. Görülən bütün tədbirlər ölkə başçımızın “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin aydın təzahür formasıdır”.