"Qarabağ münaqişəsinin nizamlanmasında  Rusiya çox  aktiv görünür" - Şərh  

"Azərbaycan Moskva ilə konfidensial danışıqlar aparmaqla prosesi yeni  mərhələyə gətirmişdi. Lakin Ermənistan prosesi yenidən tormozladı"

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif etməsi Ermənistanda böyük rezonans doğurub. Bəyanatdan sonra Nikol Paşinyan hökumətinə qarşı ciddi ittihamlar irəli sürülüb.

Hətta ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsi tələblərinin səslənməsinə rəvac verib. Paşinyanın ölkədaxili əleyhdarlarının mövqeyinə görə, Sergey Lavrovun səsləndirdiyi bu fikirlər həqiqəti əks etdirmir və dezinformasiya diversiyasıdır. Əgər bu fikirlər real deyilsə, bunun özü Ermənistan-Rusiya münasibətlərinin nə qədər bərbad vəziyyətdə olduğunu göstərir. Yox, əgər səslənən fikirlər həqiqəti əks etdirirsə, bu, artıq Ermənistanın milli və dövlət maraqlarının iflasıdır. Ekspertlərin fikrincə, Lavrovun çıxışından sonra Nikol Paşinyanın Ermənistanın milli maraqlarına xəyanətdə açıq şəkildə ittiham olunması ölkədaxili situasiyanın kifayət qədər mürəkkəb vəziyyətdə olduğunun göstəricisi hesab oluna bilər.

İki müttəfiq arasında yaşananları “Sherg.az”a şərh edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Moksva və İrəvan tərəfindən verilən bəyanatlar iki ölkə nazirlikləri arasında ciddi problemin yaşanmasına gətirib çıxardı.




Analitikin sözlərinə görə, Ermənistan hakimiyyəti Rusiyanın mövqeyinin qəbuledilməz olduğunu vurğulamaqla, bir növ Rusiyaya, XİN-ə müharibə elan edib: 

“İki nazirlik arasında söz davasının artıq siyasi böhrana çevrilməsində Ermənistan tərəfi maraqlı görünür. Ermənistan XİN rəhbəri Z.Mnatsakanyan açıq konteksdə heç bir güzəştə getməyəcəklərini rəsmi şəkildə vurğuladı. Təbii ki, Ermənistanın rəsmi mövqeyi ötən il Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş razılığın əleyhinə olmaqla, Kremlin vasitəçiliyinə demarşdır. Ermənistan tərəfinin məlum açıqlamasından sonra hansı əsaslarla danışıqların növbəti mərhələsinin başlayacağı isə çox maraqlıdır. Rusiya XİN Ermənistana ciddi təzyiqlər göstərməli və danışıqlar masasına əyləşməyə məcbur etməlidir. Amma ərazilərin qaytarılması məsələsinə gəldikdə isə Moskva Qarabağın ilkin statusunu və sonrakı prosesdə ərazilərin qaytarılması məsələsini ortaya qoyur. Azərbaycan XİN konkret şərtlərlə danışıqlara getməsini elan etməli və vaxt verməlidir. Bu il yanvar ayında Cenevrədə üç gün ərzində aparılan danışıqlar barədə məxfiliyin saxlanılması razılaşdırılmışdı. Göründüyü kimi Ermənistan həmin danışıqların üzərindən xətt çəkir”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Moskva ilə konfidensial danışıqlar aparmaqla prosesi bu mərhələyə gətirmişdi. Lakin Ermənistan prosesi yenidən tormozladı: 

“Hazırda ABŞ və Fransa koronovirusa qarşı mübarizə aparır. Daxili problemlərlə məşğuldur. İki ölkənin gündəliyində Qarabağ münaqişəsinin nizamlanması yoxdur. Prosesdə Rusiya aktivdir və rəsmi Bakı ciddi şəkildə Kremllə koordinasiyalı çalışır. Amma gözlənilən reaksiyanı görmürük. Ona görə də Moskvada bu prosesin qarşısını alan qüvvə neytrallaşdırılmalıdır”. 

M.Əsədullazadə vurğulayıb ki, Prezidenti İlham Əliyevin prosesə müdaxiləsi danışıqlarda yeni situasiyanın başlanmasına səbəb ola bilər: 

“Dövlət başçısının məhz birbaşa iştirakı ilə diplomatik informasiya savaşında proseslərdə Azərbaycanın mövqeyi güclənib. Ermənistanda Lavrovun bəyanatı çox ciddi rezonans doğurub. Paşinyan masada olan həll variantlarını yaxşı bilir. Ancaq ərazilərin boşaldılması məsələsini ört-basdir etməsi daxili faktordan qaynaqlanır. Bunun açıqlanması hazırkı məqamda Paşinyan üçün daxildə problemlərə yol aça bilər”.