“11-ci Qırmızı Ordu 28 apreldə Şərqin ilk cümhuriyyətini devirdi” -Tarixə aydın baxış 

“Bütün bunları ruslar, rus işğalçıları etdi və adını sovetlər qoydular”


“1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə başda olmaqla bir qrup Azərbaycan aydını, dəyərli dövlət böyüklərimiz Azərbaycan Xalq Cümhuriyyətini yoxdan var elədi”. 

Bu barədə “Sherg.az”a siyasi ekspert, jurnalist Azər Həsrət deyib. 

A.Həsrət bildirib ki, Cümhuriyyət 23 ayda bir çox dövlətlərin edə bilmədiklərini etdi: 

“Azərbaycan insanı müstəqil dövlətin nə olduğunu gördü. İnsana, şəxsiyyətə hörmət qoyuldu, xaricilərin istismarı sona çatdı. Vətən övladlarımız azad yaşamağın nə olduğunu o zaman anladı. Lakin o qısa dönəmdə düşmən də boş durmadı və səfərbər olundu. İçəridəki xainləri bir an boş buraxmadı və planlar cızdı ki, Cümhuriyyəti məhv etsin. Düşmən bunu bacardı. İçəridəki xainlərlə birləşən rusların 11-ci Qırmızı Ordusu 1920-ci il aprelin 28-də Şərqin ilk cümhuriyyətini devirdi. Böyük rus şovinizmi yenidən üzərimizdə hakim kəsildi. Ermənilərlə birləşən, içimizdəki xainləri də yanına alan rus işğalçıları milli liderlərin zülmlə qurduğu bir müstəqil dövləti – Azərbaycan Xalq Cümhuriyyətini devirib sonrakı illərdə bütün milli aydınlarımızı güllələtdirdi, yox etdi. Bütün bunları ruslar, rus işğalçıları etdi və adını sovetlər qoydular.



Sovet İttifaqı qurdular, bizim də guya könüllü şəkildə ora birləşdiyimizlə bağlı yalanlar uydurub özümüzə sırıdılar. Yeni nəsillər elə bildi ki, Azərbaycan doğrudan da könüllü olaraq bu birliyə qoşulub və işğalçı rus ordusunu xilaskar kimi qəbul edib. Ona görə də xalqımız 11-ci Qırmızı Orduya illər uzunu “11-ci Qızıl Ordu” dedi. Biz aldadıldıq. Uşaqdan böyüyə hər birimizin beyninə yeridildi ki, böyük rus xalqı olmasa batarmışıq”.

Analitik vurğulayıb ki, illər sonra taleyin ədaləti bərqərar oldu: 

“1991-ci ildə Azərbaycan xalqı bu mənfur İttifaqdan ayrılıb öz müstəqilliyini elan etdi. Rusiya da bu durumla barışmaq zorunda qaldı. Lakin bəd əməllərindən də əl çəkmədi. Erməniləri üzərimizə salıb arxasında duran Rusiya torpaqlarımızın işğalına səbəb oldu. Milli olan nə varsa onun üzərindən xətt çəkmək üçün bütün uzantılarını işə saldı. Bu gün Azərbaycan müstəqildir. Dönməz bir müstəqilliyə sahibik. Lakin baxırıq ki, bəzi yarımqafalılar və Moskva uzantıları millətin milli kimliyini 1920-ci ilin 28 aprelində Azərbaycanı işğal etmiş mənfur əcdadları kimi ayaqlar altına atmaqdadırlar. Bu ünsürlər hər yerdə Azərbaycan kimliyini və Azərbaycan dilini sıxışdırmaqla məşğuldur. Azərbaycanlı olduqları halda öz aralarında rus dilində danışmağa üstünlük verən bu qanıqarışıqların əcdadları kimi sabah dövlətimizi Moskvanın ayaqları altına atmayacağının heç bir təminatı yoxdur!”.

Azər Həsrətin sözlərinə görə, biz bir millət olaraq qürurumuzdan vaz keçməməliyik: 

“İçimizdə olan, Azərbaycanın çörəyini yeyib nankor çıxan heç kimə güzəşt edilməməlidir. Bu dövlət neçə-neçə mərd oğulların qanı hesabına yenidən müstəqillik qazandı və bu müstəqilliyi kiminsə şıltaqlığına heç kim qurban verməməlidir! Biz bu dövləti qorumalıyıq! Məhz Rusiyanın işğalından qorumalıyıq. Çünki son vaxtlar yenə də Moskvanın sahibləri SSRİ-nin bərpasından danışır. Azərbaycanda da bəzi beyinsizlər belə bir ittifaqa qucaq açmağa hazır olduqlarını həyasızcasına hayqırırlar. Onlara imkan verilməməlidir. Millətin hər bir fərdi vəzifəsindən və sosial durumundan asılı olmayaraq, ölkəmizi xarici qüvvələrin ayaqları altına atmağa hazır olan, rusca düşünüb rusca danışmağı öz ana dilimizdən üstün tutanların hər birinin qarşısını kəsməlidir”.