“Paşinyanın babasının birmənalı olaraq faşizmə xidmət etdiyini sübuta yetirən zəngin arxiv sənədlər var”
"Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı Ermənistan mediasında yayılan məlumatlar, ermənilərin faşistlərlə eyni ideologiyanı paylaşdıqları barədə məlumatlı olan heç kəsi təəccübləndirməyib".
Bu sözləri siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib.
Onun sözlərinə görə, ermənilər bir millət olaraq tarix boyu qeyri- müəyyənliyi və ayağı sürüşkənliyi ilə seçilib. Onların nə konkret bir mövqeyi olub, nə də özlərini ifadə bacarıqları: "Atdıqları hər addım ağalarına xoş gəlməyə hesablanıb.
Hesab edirəm ki, Nikol Paşinyan təcrübəsizliyindən irəli gələrək babasının fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib. Bu paylaşımın isə öz başında çatlayacağını proqnozlaşdıra bilməyib.
Çünki Ermənistanın baş nazirində siyasi uzaqgörənlik yoxdur. Paşinyan bu paylaşımı ilə həvəskar bir siyasətçi olduğunu bütün dünyaya sübut edib. Prosesin əleyhinə işlədiyini görən Paşinyan az qala öz babasından imtina həddinə çatıb. İddiasına görə, babası Nikol Paşinyan Sovet Ordusunun tərkibində faşizmə qarşı döyüşüb.
Halbuki həm Almaniyanın, həm də Sovet Rusiyasının əlində olan müharibə arxivləri Paşinyanın babasının birmənalı olaraq faşizmə xidmət etdiyini sübuta yetirən sənədlərlə zəngindir. Çox təəssüflər olsun ki, İlham Əliyev kimi təcrübəli bir siyasət adamı Azərbaycanın işğal altında qalan torpaqlarının azad olunması və ərazi bütövlüyünün bərpası üçün Paşinyan kimi naşı bir siyasətçiylə bir masa arxasında oturub danışıqlar aparmaq məcburiyyətindədir".
Siyasi şərhçi sonda Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyanı onun iştirak etdiyi tədbirdə - MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlarla, arqumentlərlə ifşa edərək çıxılmaz vəziyyətə saldığını xatırladıb.