“Məktub həm də Trampın Azərbaycan xalqının dövlət müstəqilliyinə, Prezidentimizin şəxsiyyətinə olan ehtiramın göstəricisidir”
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəklədiyi qeyd olunub: “Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır.
Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.
Məktubun məzmunundan da göründüyü kimi, dünyanın ən nəhəng dövlətlərindən biri Azərbaycana, onun suverenliyi və müstəqilliyinə güclü dəstəyini ifadə edir.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının sözlərinə görə, Respublika günü münasibətilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alan fikirlər bir neçə baxımdan əhəmiyyətlidir:
"Hər şeydən əvvəl, ABŞ dövlətinin mövqeyini ifadə edən bu məktubda amerikan hökuməti Azərbaycan Respublikasının suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini və ölkəmizin bu yolla irəliləməsi istəyini bəyan edir. Birləşmiş Ştatlar dövləti millətimizin gələcək inkişafını müstəqillikdə və suverenlikdə görür.
İkincisi, D.Trampın ABŞ və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il uğurla əməkdaşlıq etdiklərini xatırlaması həm toplanmış müsbət tarixi təcrübəyə diqqət yönəldilməsi baxımından, həm qarşıqlıqlı münasibətlərin möhkəm təməllərinin, həm gələcək əməkdaşlıq üçün böyük potensialın olmasının, həm də Azərbaycanın keçdiyi uğurlu yolun və dünya siyasətində oynadığı rolun, tutduğu yerin təsdiqidir. Bu, o deməkdir ki, ABŞ hökuməti bundan sonra da ölkəmizlə əməkdaşlıqda maraqlıdır.
Qeyd etmək lazımdır ki, iki ölkə beyənlxalq terrorizmə qarşı mübarizədə səmərəli əməkdaşlıq etmişlər. D.Trampın Amerika və Azərbaycan xalqlarını iki böyük xalq adlandırması da mənalıdır. Bu, bir daha göstərir ki, xalqın böyüklüyü onun sayının azlığı və çoxluğu ilə ölçülmür. Xalqı böyük edən dövlət rəhbərlərinin yürütdüyü siyasətdir. Deməli, bu məktub eyni zamanda Azərbaycan xalqının dünyada böyüklüyünü təsdiq etdirən və beynəlxalq siyasətdə yerini gücləndirən dövlət rəhbərimiz İlham Əliyevin xidmətlərinə verilən qiymətdir".
Millət vəkili deyib ki, məktubda ABŞ hökumətinin demokratikləşdirmə sahəsində Azərbaycanın hakimiyyətinin fəaliyyətini yüksək qiymətləndirməsi və demokratik idarəetməni təşviq etməsi, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına dəstək verməsi niyyətinin bəyan edilməsi də əhəmiyyətlidir:
"Bir daha aydın olur ki, Birləşmiş Ştatlar ölkəmizin gələcək inkişafını demokratiyada görür. Ancaq məlum olduğu kimi, demokratik inkişaf yolu Azərbaycan xalqının sərbəst seçimidir və o, bu yolla da inamla irəliləyir. ABŞ kimi bir dövlətin bu işə dəstək verməsi yalnız alqışlanmalıdır.
Koronavirus pandemiyasının yaratdığı ağır şəraitdə Birləşmiş Ştatların Azərbaycan xalqının yanında olmasını bəyan etməsi əməkdaşlığın yaxşı nümunəsi olmaqla bərabər, gələcəkdə meydana çıxa biləcək çətin günlərdə də bir yerdə olmağa işarədir.
Nəhayət, ABŞ-ın Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirməsini bəyan etməsi də əhəmiyyətlidir. Ancaq Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təcavüzkür Ermənistana təzyiqlərin edilməsi də zəruridir".
Professor hesab edir ki, D.Trampın məktubu həm Azərbaycan xalqının dövlət müstəqilliyinə, həm də cənab Prezidentimiz İlham Əliyevin şəxsiyyətinə, rəhbərliyinə olan hörmət və ehtiramın göstəricisidir.