“Bu o deməkdir ki, ABŞ artıq prioritet olaraq Azərbaycan tərəfinə keçir”
“Bu da ölkə rəhbərinin mütəmadi olaraq apardığı xarici və daxili siyasətin nəticəsidir”
“Dünyada baş verən proseslər böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün ölkələrdə olduğu kimi ABŞ-ı da bir qədər çətin duruma salıb. ABŞ 5-10 il əvvəlki ABŞ deyil”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında ABŞ Prezidenti Donald Trampın ölkəmizin başçısı İlham Əliyevə 28 May Respublika Günü ilə bağlı məktub yazmasına münasibət bildirərkən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.
Politoloq qeyd edib ki, dünyada gedən həm iqtisadi, həm də siyasi proseslər ABŞ-ın müəyyən qədər zəifləməsinə gətirib çıxarıb:
“Donald Tramp hakimiyyətə gələndə onun şüarı bu idi ki, ABŞ birinci yerdə olsun. Trampın cənab Prezidentə yazdığı məktub və Respublikamızı bu cür qiymətləndirməsinə məhz bu prizmadan baxmaq lazımdır ki, ABŞ 10 il qabaq Azərbaycana bugünkü qədər əhəmiyyət vermirdi. Hazırda isə Azərbaycanın həm dünya dövlətləri arasında nüfuzunun möhkəmlənməsi, həm ABŞ-ın dünyaya yeni baxışı onu məcbur etdi ki, Azərbaycanla hesablaşsın. Təbii ki, Azərbaycan balaca respublika deyil. Ölkəmiz Qafqazın ən inkişaf etmiş republikasıdır və dünyada öz sözünü deyib. ABŞ bu qədər nəhəng dövlət olmasına baxmayaraq mövqeyinə görə Azərbaycana ehtiyacı var. Məktubda həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasına bir eyham var idi. Bu o deməkdir ki, ABŞ artıq prioritet olaraq Azərbaycan tərəfinə keçir. Təbii ki, bu da ölkə rəhbərinin mütəmadi olaraq apardığı xarici və daxili siyasətin nəticəsidir. Fikrimcə, bu məktub gələcəkdə Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsinə mühüm işarədir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 28 May Respublika Günü ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Trampın məktubu Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlayır. ABŞ Prezidenti məktubunda bir sıra mühüm məqamlara toxunub. Həmin məqamlardan biri Azərbaycan-ABŞ əməkdaşlığının yüksək səviyyədə olmasıdır.