Bir neçə gün əvvəl prezident İlham Əliyev yeni DOST mərkəzinin açılışında iştirak etdi. O, çıxışında Azərbaycanın dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olduğunu xüsusi vurğuladı. Azərbaycanın bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərdiyi nəzərə çatdırıldı. Həmçinin bildirildi ki, Azərbaycan məsuliyyətli ölkədir. O, öz ləyaqətini daim qoruyur, tərəfdaşlara da hörmət edir.
Politoloq Fikrət Sadıqov da "Sherg.az"a deyib ki, artıq dünya ölkələri bizimlə hesablaşırlar:
“Azərbaycan belə çətin dövrdə belə, öz siyasi fəaliyyətini davam etdirdi. Ölkəmizin Türk Şurasını və Qoşulmama Hərəkatının Zirvə toplantılarını ən yüksək səviyyədə təşkil etməyi bizə olan etimadı, inamı göstərdi. ÜST-ün baş katibi, nəhəng dövlətlərin baş nazirləri həmin onlayn konfranslarda iştirak etdilər. Habelə Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Deməli, Azərbaycan regionda və dünyada aparıcı rol oynayır. Dünya dövlətləri bizimlə artıq hesablaşırlar. İndi biz nəinki çəkinməməli, çətinlikdən qorxmamalı, hətta təşəbbüskar olmalıyıq”.