“Poroşenko cinayət məsuliyyətinə cəlb edilə bilər” – AKTUAL

“Baş verənlərin Poroşenkonun reytinqinə güclü təsir etdiyi də istisna deyil”

“Məncə, bu məsələ ilə Zelenskinin və ətrafının əlaqəsi yoxdur. Faktlar ortadadı”



Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı cinayət işi açılıb. Ukrayna Baş Prokurorluğu Poroşenkonu dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.

İddia olunur ki, ABŞ-ın vitse-prezidenti Co Bayden, sabiq dövlət katibi Con Kerri və P.Poroşenko arasında Ukraynada yüksək vəzifəli məmurların vəzifədən kənarlaşdırılmasına dair danışıqlar aparılıb, razılıq əldə edilib.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, Ukraynada prezident seçkilərindən öncə Paraşenkonun yüksək reytinqi var idi:

“İnsanlar inanırdı ki, o hakimiyyətə gəlsə, torpaqları geri qaytaracaq və iqtisadiyyatı dirçəldəcək. Amma tam əksi oldu. Problemlərin sayı daha da artdı, Poroşenko və onun ətrafına qarşı korrupsiya ittihamları oldu. Məhz bunun nəticəsidir ki, Poroşenko növbəti prezident seçkilərində böyük hesabla Zelenskiyə məğlub oldu. Poroşenkoya qarşı müxtəlif  ittihamlar səslənir. Hətta belə bir fakt üzə çıxıb ki, keçmişdə Poroşenko ABŞ-ın vitse-prezidenti Co Baydenlə söhbətində Amerikada maliyə yardımı qarşılığında prokuroru işdən çıxaracağını vəd edib. Bütün bunlar da Amerikanın daxili işlərinə qarışmasının bir sübutudur”.

Analitik hesab edir ki, hazırda Poroşenkonun durumu olduqca çətindir:

“Ola bilsin ki, istintaq da başladılsın. Düzdür, Poroşenko tərəfdarları bu olanlarda Zelenskini ittiham edirlər. Amma, məncə, bu məsələ ilə Zelenskinin və ətrafının əlaqəsi yoxdur. Faktlar ortadadı, ola bilsin ki, Poroşenko müəyyən cinayət məsuliyyətinə cəlb edilsin. Baş verənlərin Poroşenkonun reytinqinə güclü təsir etdiyi də istisna deyil”.