İki Orta Asiya dövləti arasındakı ədavət yersizdir - Politoloqun şərhi


Qırğızıstanla Tacikistan sərhədində vəziyyət yenə gərginləşib. Sərhədçilər bir-birlərinə atəş açıblar.

Bu il mayın 8-də oxşar insident olmuşdu. O zaman Qırğızıstanın üç, Tacikistanın isə iki sərhədçisi yaralanmışdı.
Qırğızıstan tərəfinin məlumatına görə, bu gün Batken vilayətinin eyniadlı rayonunun Moynok yaşayış məntəqəsi ərazisində hərbçilər taciklərin “Vorux” anklavının sakinlərinin mal otarmaq cəhdinin qarşısını alıblar.
“Tacik tərəfdən naməlum adamlar Qırğızıstan sərhədçilərinə atəş açdılar. Sonra isə təxminən 11.40-da Qırğızıstan və Tacikistan sərhədçiləri arasında qısa atışma baş verdi”, - Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatında deyilir.
Xidmət rəhbərinin sözlərinə görə, qırğız sərhədçilər arasında xəsarət alan yoxdur. Sərhəd qurumlarının nümayəndələri fakt üzrə danışıqlara başlayıblar. “Qırğızıstan-Tacikistan sərhədinin adıçəkilən məntəqəsində hazırda vəziyyət nisbətən sabitdir”, -  Qırğızıstan Sərhəd Xidmətindən bildirilib.

 İki türk dövləti arasında münaqişəni “Sherg.az”a təhlil edən politoloq Elxan Şahinoğlu düşünür ki, yeganə çıxış yolu sərhədlərin dəqiq müəyyənləşməsidir:


“Tacikistan istisna olmaqla Mərkəzi Asiyada yerləşən bütün ölkələr türkdilli dövlətlərdir. Buna baxmayaraq, tez-tez onlar arasında insidentlər yaşanır. Çünki sərhəd problemi var. Hökumət rəhbərləri danışıqlar aparıb, sərhəddi dəqiq müəyyənləşdirməyənəcən insident davam edəcək. Azərbaycanla Gürcüstan arasında da oxşar çətinlik var. Ancaq məsələyə nəzarət edən komissiya yaradıldığına görə vəziyyət pisləşmir. Məncə, Mərkəzi Asiya dövlətləri üçün də belə bir komissiya təşkil edilməlidir”. 

 Politoloq məsələyə təsir edən başqa məqamları da vurğuladı “Bildiyiniz kimi, Mərkəzi Asiya dağlıq ərazidir. Bir çox hallarda bəzi dövlətlər qanunsuz yük daşınmasına, narkotik ticarətinə cəhd edirlər. Əlbəttə, bu da tərəflər arasında narazılığa səbəb olur”.

 E. Şahinoğlu, həmçinin qeyd etdi ki, ədavət yersizdir: “İndi düşmənlik vaxtı deyil. Bütün dünya eyni düşmənlə-koronavirusla savaşır. Türk dövlətləri hər cür problemi, incikliyi unudub, birləşməlidir”.