“Bu da bizə imkan verir ki, Aİ-nın Azərbaycanın mövqeyini dəstəkləməsini əsas tutaraq gələcəkdə Qarabağın azad olunması istiqamətində addımlarımızı ataq”
Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı keçirilib. Prezident İlham Əliyev videokonfransda mühüm məqamlara toxunub. Ölkə başçısı növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edib.
Prezident öz çıxışında Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsinə, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğulayıb və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirib:
“ Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etməkdə davam edir. Azərbaycanın Dağlıq Qarabağ və daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məçburi köçkünə çevrilib.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir”.
Bu xüsusda Prezident 2018-ci ildə Brüsseldə paraflanmış Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədinə toxunaraq bildirmişdi ki, sənəddə tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.
Şərq tərəfdaşlığı ölkələrinin videokonfransının mühüm əhəmiyyətə malik olduğunu deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında bildirib ki, Şərq tərəfdaşlığı ölkələrinin böyük bir qismi ərazi bütövlüyü problemi ilə qarşılaşırlar.
Onun sözlərinə görə, Avropa İttifaqının yanaşması sırf beynəlxalq norma prinsiplərinin üzərində qurulub və belə ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir:
“Bununla bağlı müxtəlif illərdə sənədlər qəbul olunub. Bir neçə il öncə Aİ-nın öz prinsipləri haqqında sənəd qəbul olunur. Həmin sənəddə açıq göstərilib ki, Aİ-nın prioritetlərindən biri həm öz daxilində olan ölkələrin ərazi bütövlüyünü və suveren hüquqlarını, həm də Aİ-na tərəfdaş olan ölkələrin həmin prinsiplərini dəstəkləməkdir”.
Analitik qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışı Avropa siyasətinin dəst-xəttini dəstəkləyən bir mövqedir:
“Heç kəsə sirr deyil ki, Ermənistan uzun illərdir, Azərbaycan torpaqlarını işğal edib və Şərq Tərəfdaşlıq Proqramının prinsiplərini kobud şəkildə pozur. Beləliklə, ölkəmizin diplomatıyası bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsində kim haqlıdır, kim yox. Bir neçə il öncə Avropa Parlamenti Ermənistanın işğalçılıq siyasətini pisləyən bir sənəd qəbul etmişdi. Belə bir vəziyyətdə baş nazirin çıxışı və Azərbaycan Prezidentinə cavabı gülüş doğurur. Bütün bunlar Ermənistanın xarici siyasətinin növbəti fiaskosu və uğursuzluğudur. Bu da bizə imkan verir ki, Aİ-nın Azərbaycanın mövqeyini dəstəkləməsini əsas tutaraq gələcəkdə Qarabağın azad olunması istiqamətində addımlarımızı ataq”.