Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa edib.
Trend-in məlumatına görə, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Bunu açıq-aydın sübut edən bir neçə məqamı diqqətinizə çatdırırıq. Birincisi, Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözünü işlədir.
Bu bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi.
Daha sonra Nikol Paşinyan Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana esktradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirib.
Qeyd edək ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib.
Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa edib.