“Çox güman ki, erməni xalqı nə qədər böyük səhv etdiyini artıq anlamağa başlayır”
“Paşinyan küçədən hakimiyyət kürsüsünə gətirildiyi kimi yenidən əvvəlki yerinə qaytarılar"
"Son günlər Ermənistanda baş verən hadisələr onu isbat edir ki, Paşinyan küçə populizmi üzərində “demokratiya” pərdəsi altında totalitarizm idarəçilik sistemi formalaşdırır".
Bunu “Sherg.az”a YAP sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov deyib.
Onun sözlərinə görə, siyasi müxalifətin məhv edilməsi, azad sözün, sərbəst toplaşma azadlıqlarının boğulması, açıq qisasçılıq oyunlarının aparılması son günlər Paşinyan totalitarizminin əsas ştrixlərinə çevrilib:
"Siyasi böhran amillərinin üzərinə koronavirus pandemiyasının və ağır sosial-iqtisadi şərtlərin əlavə olması bu ölkədəki vəziyyəti daha da xaotikəşləşdirir. Artıq ermənilər Paşinyanı hakimiyyətə gətirdiklərinə peşman olurlar. Elə keçirilmiş son sosioloji sorğuda ermənilərin 74 faizinin sosial problemlərin həllini gözlədiyini, lakin artıq ümidlərinin itdiyini bildirməsi Paşinyan hakimiyyətinə ictimai güzgü tutmuş olur.
Hətta “Euronews” kanalında dərdlərini danışan ermənilər açıq şəkildə bildirirlər ki, onlar Paşinyana inanmaqda səhvə yol veriblər. Eləcə də yeni idarəçilik modeli qurulmadan köhnə siyasi sistemin dağıdılması da Ermənistanda sosial-siyasi institutların daha dərin erroziyaya məruz qalmasına səbəb olur.
Bir sözlə, bu gün sadə ermənilər böyük peşmanlıq içərisindədirlər. Onlar Paşinyandan “demokratiya kökəsi” əvəzinə, “totalitarizm kötəyi” gördülər...
Çox güman ki, erməni xalqı nə qədər böyük səhv etdiyini artıq anlamağa başlayır və uzun sürməz, Paşinyan küçədən hakimiyyət kürsüsünə gətirildiyi kimi yenidən əvvəlki yerinə qaytarılar".